Azərbaycanda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatı çərçivəsində mayın 8-də keçirilmiş Azərbaycan - Belçika oyununda (1:1) qeydə alınmış xoşagəlməz halla bağlı UEFA qərar qəbul edib.
Newsport.az-ın məlumatına görə, oyun zamanı Belçika komandasının nümayəndələri öz oyunçularına qarşı azarkeşlər tərəfindən Azərbaycan qonaqpərvərliyinə yaraşmayan irqçi ifadələrin səsləndirildiyi iddiası ilə UEFA-ya müraciət etmişdilər.
UEFA dərhal AFFA-ya qarşı intizam icraatı başlayaraq məsələni araşdırmış və AFFA-dan məsələyə münasibət bildirməsini tələb etmişdi. AFFA tərəfindən məsələyə əsaslandırıcı münasibət bildirilmiş, azarkeşlərimizin hər zaman FİFA-nın və UEFA-nın futbolda irqi və digər ayrı-seçkiliklərə qarşı prinsipinə uyğun davrandıqları qeyd olunmuşdu.
Yekun olaraq, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi məsələ ilə bağlı AFFA-nın əsaslandırılmış mövqeyini nəzərə alaraq, bu cür hallarda nəzərdə tutulan ən yüngül cəza növlərindən birini - UEFA bayrağı altında keçiriləcək yarışlar zamanı növbəti ev oyununda azı 300 nəfərdən ibarət olan sektorun bir oyunluq qapadılması və həmin sektorda UEFA-nın loqosu əks olunan "No to Racism" (Rasizmə Yox) şüarının yerləşdirilməsi barədə qərar qəbul edib.
Qərar 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da, "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Farer adaları oyununda icra olunacaq.