Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının yeni mövsümünün püşkatma mərasimindən sonra mətbuat konfransı keçirib:
- Bayaq qeyd etdiniz ki, klubların istəyini nəzərə aldıq. Klubların istəyindən biri olan legioner limiti ilə bağlı idi. Limitin dəyişdirilməməsinə səbəb nə oldu?
- Əsas məqsədimiz milliyə futbolçu yetişdirməkdi. Vaxtıyla legionre rüsumunu 20 000 manat etmişdik ki, çempionatımıza yüksək səviyyəli futbolçular gəlsin. Səviyyəsiz legionerlərin qarşısını almaq üçün bu qaydanı qoymuşduq. Amma indi vaxt müəyyən qədər fərqlidi. Bizim futbolçularımız fərqlidi. Maaşlarına maşın alırlar, ev alırlar və futbolu yaddan çıxarırlar. Sonra üz tuturlar AFFA-nın qapısına bizə iş tap. Bu il çempionatımızda maliyyə problemi olması işimizi düzəltdi. Futbolçularımız başa düşdü ki, oynamaq lazımdı, pul xərcləmək yox. Bu vəziyyətdə legioner limitini necə aşağı salaq?
- "Topaz”la PFL arasında müqavilə şərtlərini açıqlaya bilərsinizmi?
- Dünən "Topaz”la razılaşdıq. Onlar bizim gördüyümüz bütün işləri nəzərə aldılar və bizimlə davam etməyi bizim üçün borc bildilər. Ancaq yeni proyeklər həyata keçirmək lazımdı. Bunu "Topaz” rəhbərliyi bizdən istəyir. Əgər hər-hansı bir təklifiniz varsa PFL-in əməkdaşlarına bildirin. İnşallah qışda klublarla birgə Türkiyəyə yollanacağıq. Həmin vaxt hamı dedi ki, PFL-in pulu yoxdu, ona görə də Türkiyəyə getmədi. Ancaq PFL-in pulu var. Antalyaya niyə getmədik? Çünki heç bir xarici klub Antalyaya getmədi və belə bir qərar verdik.
- Əliyar Ağayev çempionat oyunlarında səhvə yol verdiyi halda, 19 yaşadək yığmaların Avropa çempionatının finalını idarə etdi. Ola bilər ki, o, çempionatda çox yüklənirdi?
- Mənim əmim oğlu var, yanımda maşını idarə edə bilmir. Deyirəm, sür. Amma deyir ki, yox, sənin yanında maşın idarə edə bilmirəm. Bu gün heç bir klub deyə bilməz ki, hansısa hakim kimdənsə nəsə istəyib. Vacib məsələ odu ki, xaricdə hakimlərimizin hər biri oyunları çox gözəl idarə edirlər. Çünki orda sərbəstlikdi. Amma çempionat oyunlarında jurnalistlərin yazıları, kənardan səsləndirilən söyüşlər onlara mane olur.
- Stadionlarda internetin olmamağı və digər problemlərin aradan qaldırılması ilə bağlı PFL hansısa işləri görəcəkmi? Çempionatda istifadə olunan topların qiyməti neçəyədi?
- Bizi bu il narahat edən "Kəpəz” stadionudu. Klubun rəhbərliyi ilə söhbətimiz olub. Sabah nümayəndələrimiz Gəncəyə ezam olunacaqlar, yerində baxacaqlar. Stadionlarda texniki imkanlara baxılacaq. Hansı stadiona internet olmasa, cərimələnəcək. Çempionatda oynanılacaq topla bağlı isə onu deyim ki, 1000 ədəd top sifariş vermişəm, 200-ü gəlib. Yol xərci ilə birlikdə 1 top üstümüzə 70 avroya düşür. Xaricdə satışda qiyməti 160 dollar və ya 140 avrodu.
- Yeni toplardan istifadə olunacaq. Yeni topların qiyməti nə qədərdi və klublara neçə ədad top verilib?
- 1000 ədəd top sifariş vermişik. Çempionatda problem olmaması üçün əlavə 200 top da sifariş etmişəm. Toplar yol xərci ilə birgə bizim üzərimizə 70 avroya başa gəlib. İndiyə qədər yalnız "Sumqayıt” bizdən top alıb və heç bir komanda bizə bu məsələ ilə bağlı müraciət etməyib.
- Çempionat üçün əlavə sponsor axtarırsınızmı?
- Çempionat üçün yox, kubok üçün sponsor axtarışındayıq. Hazırda belə bir sponsor tapmamışıq.