Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda sabah səfərdə "Şkendiya" ilə qarşılaşacaq "Neftçi"nin baş məşqçisi Vəli Qasımov oyunla bağlı fikirlərini bildirib.
Newsport.az xəbər verir ki, Qasımov oyunla bağlı bunları deyib:
- Güclü komandaya qarşı oynayacağıq. Onlarda güclü oyunçular var. Bəziləri Avropa səviyyəsindədi. Ancaq biz Bakıdan bura mərhələni keçmək üçün gəlmişik.
- Mərhələni keçməsi üçün "Neftçi"də nə çatır, nə çatmır?
- Çatışmazlıq daha çoxdu. Hücumçu istəyirdik, ancaq alınmadı. Heyətimiz kasaddı. Ehtiyat skamya çox qısadı. Heyətdə təcrübəsizlər, gənclər çoxluq təşkil edir.
- "Neftçi"nin vəziyyəti fiziki cəhətdən o qədər yaxşı deyil...
- Bu fikirlə razı deyiləm. İlk oyunda göründü ki, "Neftçi"nin fiziki durumu yüksək səviyyədədi. Xüsusilə, ilk hissədə üstün futbol oynadıq.
- Ötən oyundan sonra bildirmişdiz ki, rəqibin zəif yerləri var, bunları müəyyənləşdirmişik. Sabah bu cəhətlərin hansı tərəfindən istifadə edərsiz?
- Rəqib zəif komanda deyil, nisbətən müdafiədə boşluqlar var. Biz bundan istifadə eləməyə çalışacağıq. Əsas hədəfimiz bu olacaq ki, öz oyunumuzu oynayaq. Müəyyən oyunçularımızın üstünə yük daha çox düşəcək. Bunun öhdəsindən lazımınca gəlsək, düşünürəm ki, qəlbəbə qazanarıq. Baxmayaraq ki, rəqibin heyətində Avropa səviyyəli futbolçular var və bizim üçün bu iş heç də asan olmayacaq.
- Səhər rəqibin baş məşqçisi sanki ehtiyatlı danışırdı. Deyilənlərdən elə hiss olunurdu ki, müdafiədə oynayacaqlar. Siz hansı üslubu planlaşdırmısız?
- Biz ümumiyyətlə, ölkə çempionatının son turlarında 5 müdafiəçi ilə oynayırdıq. Bunun da obyektiv, subyektiv səbəbləri var idi. Ancaq indi vəziyyət həminki deyil və düşünmürəm ki, sabah "Neftçi" beşli müdafiə ilə oynayacaq.
- İlk oyundakı nəticəyə əsasən deyə bilərikmi "Şkendiya" favoritdi?
- Mən mətbuatda oxuyuram ki, matçın favoriti "Şkendiya"dı. Başa düşmürəm, niyə belə düşünürlər. Mənə görə şanslar əlli-əlliyədi.
- Heyətdə dəyişikliklər varmı?
- Elə bir ciddi dəyişiklik yoxdu.
- İlk oyunda Rəhman Haciyevin faydalı ötürmələr verə bilməməsindən şikayətlər vardı. Bu dəfə start heyətdə oynadacaqsızmı?
- Məncə, Rəhman ona tapşırılan mövqedə yaxşı oynayır. Hücum mövqeyində faydalıdır. Onu heyətdən kənarlaşdırmağa elə bir səbəb görmürəm.