Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynovun apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
Newsport.az-nın məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə C. Hüseynovun vəkili Adəm Məmmədov vəsatətlə çıxış edib. O bildirib ki, şahid Aydın Mahmudov ibtidai istintaq və məhkəmə ifadələrində qeyri-səmimi olduğu üçün məhkəmə istintaqı aparılmalıdır.
Dövlət ittihamçısı Ceyhun Azadəliyev isə vəsatətin təmin edilməməsini istəyib.
Müşavirədən sonra vəsatətin təmin olunmadığı açıqlanıb.
Məhkəmə baxışı avqustun 12-də davam etdiriləcək.
Qeyd edək ki, jurnalist Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata ayrılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər - Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
Cavid Hüseynov isə 4 il müddətinə azadlıqdan məhrum olunub.
apa