Cümə günü "İnter” və AZAL komandaları arasında baş tutan yoxlama görüşünün gedişində milli komandamızın və "İnter”in futbolçusu Rauf Əliyevlə söhbətləşmək qərarına gəldik.
Raufla uzun müddətlik zədədən sonra indiki durumundan, gələcək planlarından, çempionatımızın indiki səviyyəsindən, sabiq komandası "Xəzər Lənkəran”ın dağılmasından və milliyə qayıtmaq perspektivlərindən söhbət açdıq:
- Komandanızın hazırlıqları necə gedir?
- Hazırlıqlar hamının bildiyi kimi, həmişəki kimi çətin keçir. Belə deyək də, standart olan şeylərdi. Yəni, bizim də məşqlərimiz elədi. Demək olar ki, iyunun 25-dən Bakıdayıq, məşqlərimizi edib və hazırlaşırıq. Arıtq komanda hazırlıqların ilk hissəsini yekunlaşdırıb. İkinci hissənin hazırlıqlarını Tütkiyədə davam etdirəcəyik və yaxın günlərdə qardaş ölkəyə yollanacağıq. Türkiyədə bir neçə yoxlama oyununda iştirak edəcəyik. Hazırlaşırıq. Çalışırıq ki, çempionatın startına ideal vəziyyətdə olaq.
- Ötən mövsüm zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qaldın. Həmin zədələrdən qayııandan sonra 2-3 oyunda iştirak etdin və sözügedən oyunlar da sənin üçün uğursuz alındı. Bu "period”dan sonra indiki vəziyyətin necədi?
- Çox şükür. Olan şeylər, mənim futbolsuz qalmağım bəlkə də məni futbola daha da həvəsləndirdi. Belə deyək ki, indi daha çox çalışmaq, oynamaq istəyirəm. Hələ ki, hər şey yaxşıdı. Ümid edirəm ki, bu mövsüm zədələrim az olar. Demək olar ki, ötən mnövsümü bütünlüklə boşa verdim. Əsas odu ki, zədəsiz bir mövsüm keçirim.
- "İnter” yay fasiləsi zamanı heyətini bir neçə futbolçu ilə gücləndirib. Demək olar ki, növbəti mövsüm üçün çempionluğa real namizədlər sırasında göstərilirsiniz. Sənin buna münasibətin necədi. Səncə, çempion olmaq olarmı?
- Əlbəttə, heyətə yaxşı futbolçular cəlb olunub. Komandamıza Azərbaycanda özlərini ən yaxşı tərəfdən göstərən futbolçular yığışıb. Ümid edirəm ki, bütün futbolular "İnter” üçün xeyirli olar. Komandamızın iddiası həmişəki kimi böyükdü. İndidən çempionluğa oynayırıq desək, bəlkə də yalan söz deyərik. Əlbəttə ki, bizdə istəyərik çempion olaq. Amma çətin görsənir. İndiki halda Premyer Liqamızda "Qarabağ” hegemonluğu var. Ancaq futbolda hər şey ola bilər. Yaxşı heyət var, yaxşı oyunlar göstərsək nəsə edə bilərik.
- Ötən mövsüm "İnter” daha çox hücumçu baxımından əziyyət çəkirdi. Sən zədəli idin, Fomenko özünü göstərə bilmirdi. Bu il isə ötən mövsümün ən yaxşı hücumçularından olan Ağabala Ramazanov hücumun sivri ucunda səninlə mübarizə aparacaq. Ümumiyyətlə, bu mövsüm "İnter”də həmin çətinliyi görə biləcəyik və yaxud da Ağabala Ramazanov haqqında fikirlərin necədi?
- İnanmıram ki, bu il komandamızda hücumçu problemi olsun. Ağabaladan başqa Pərdis də hücumda mübarizə aparacaq. Artıq hücum xəttimizdə 3-4 oyunçu var. Bu da yaxşı haldı. Çünki qarşıda uzun marafon var və çox oyunlarımız olacaq. Ona görə də daha çox hücumçu olması komandanın xeyrinədi. Ağabalaya gəlincə isə, o, demək olar ki, milli komandaya qədər qalxıb. Belə deyək, onun karyerası yüksəlişdədi. İnanıram ki, onun bizim komandaya da xeyri dəyəcək.
- Rauf, çempionatın ən qızğın vaxtında da oynamısan, indi də varsan. Son 5 illik qarfiki müqayisə etməyini istəyərdim. Səncə, nə dəyişib, nə dəyişməyib?
- Futbolda hər şeyi dəyişən maliyyədi. Maliyyə yuxarı olduqda, çempionatın səviyyəsi də yüksək olacaq. Həmin vaxt çempionat çox yaxşı səviyyədə idi. İndi isə hər şey fərqlidi. Maliyyə aşağı olduqda, çempionatda da səviyyə aşağı düşür. Mən inanıram ki, çempionatımız yenə əvvəlki vəziyyətini bərpa edəcək. O keyfiyyətin, o perspektivin geri qayıdacağına ümid edirəm. Amma bir tərəfdən baxanda, bu, yerli uşaqlar üçün şansdı. Limit də yerli futbolçulara oynamaq üçün şans verir. Fürsətdi, bəlkə belə bir vəziyyətdə Azərbaycanda daha çox futbolçu yetişəcək.
- Bəs 8 komandalı çempionat haqqında nə düşünürsən?
- Əlbəttə, üzücüdü. Amma nə edək? Komanda taplmayanda məcburdu ki, 8 komandalı çempionat keçirilsin. Əgər 12 komanda olacaqsa və həmin komandaların futbolçuları aylarla maaş almayacaqlarsa, sürünəcəklərsə 8 komandalı çempionat daha yaxşdı. Amma oxuyuruq, izləyirik. Deyilənlərə görə, gələcəkdə komanda sayı artacaq. Təki, komanda sayı çox olsun, daha yaxşı çempionat keçsin.
- Bir müddət formasını geyindiyin "Xəzər Lənkəran” komandası fəaliyyətini dayandırıb. Cənub klubunun dağılması sənə necə təsir elədi?
- İstəməzdim. "Xəzər Lənkəran”da oynamış biri kimi yox, azərbaycanlı kimi istəməzdim ki, Lənkəran futbolsuz qalsın. Çünki Lənkərana rəqib kimi gedəndə futboldan zövq alırdın. Orada hər şey yaxşı idi, futbol üçün əla şərait var idi. Amma maliyyə futbolda böyük qüvvədi ki, "Xəzər Lənkəran”ı da dağıtdı. Təki, gələcəkdə "Xəzər Lənkəran” yenə fəaliyyətini bərpa etsin. Cənub bölgəsini futbolsuz təsəvvür etmək mümkün deyil.
- Yenə özün haqqında suallara qayıtmaq istəyirəm. Milliyə qayıtmaq perspektivlərin haqqında fikirlərin maraqlı olardı. Bildiyimiz kimi, ötən mövsüm zədəyə görə millidən kənarda qalmısan. Gələn mövsüm üçün, bundan sonrakı toplanışlar üçün nəyə ümid edirsən?
- Ümid deməzdim. Oynadıqdan sonra əlbəttə ki, milliyə də cəlb olunacaqsan. Oyna və özünü göstər. Milliyə çağırılmaq isə tam başqa bir şeydi. Mən inanıram ki, oynadıqca, zədəsiz davam etikcə daha yaxşı olmağa çalışacam və növbəti dəfə milli komandamıza dəvət alacam.
Futbol11.az