“Qəbələ” bu gündən ikinci mərhələdə qarşılaşacağı MTK ilə ilk oyunun hazırlığına başlayıb.
Newsport.az-ın əməkdaşı məşq başa çatdıqdan sonra komandanın baş məşqçisi Roman Qriqorçukdan Macarıstan təmsilçisiylə qarşılaşma haqqında fikirlərini öyrənib:
“MTK haqqında geniş məlumatım yoxdur. Çünki oyunlarına elə də çox baxmamışam. Macarıstan klubunun son 2 görüşünü izləmişəm. MTK-nın fiziki cəhətdən güclü komanda olduğunu söyləyə bilərəm. Yaxşı, təcrübəli və fərdi bacarığıyla diqqəti cəlb edən futbolçuları var. Kifayət qədər aqressiv oynayırlar. Təhlükəli hücumlar qururlar. Ön xətdə qərarlaşan futbolçular daim özlərinə boş mövqe axtarırlar. Xüsusən hücumameyilli oyunçuları təhlükəlidi. Bizim üçün rəqib hücumlarını neytrallaşdırmaq çox çətin olacaq. Çox ciddi rəqiblə qarşılaşacağıq. Həmişə rəqibimizin güclü və zəif tərəflərini öyrənməyə çalışırıq. Çalışırıq ki, bundan lehimizə istifadə edək. Ancaq öz oyun üslubumuza sadiq qalacağıq. Sadəcə, oyunumuzu daha da yaxşılaşdıracağıq. MTK ilə oyunu hücumda keçirəcəyik”