Öətən gün "İnter" və AZAL komandaları arasında baş tutan yoxlama matçının sonuna 15-16 dəqiqə qalmış AZAL-ın baş məşqçisi Tərlan Əhmədova yaxınlaşıb, onu salamladıq. O isə bizi acı dillə qarşıladı və "oyun zamanı müsahibə vermirəm, bitəndən sonra gəlin” deyə səslədi. Tərlan bəyin əlini sıxıb, "biz zatən matçdan sonra müsahibə götürmək istədiyimizi çatdırmaq üçün gəlmişdik” deyib, öncəki yerimizə qayıtdıq. Görüş başa çatdıqdan sonra futbolçuları yola salan təcrübəli mütəxəssis sözünü tutdu və suallarımızı cavabladı.
- Tərlan bəy, bayaq yaxınlaşanda biraz əsəbləşdiz. Bizi görüb əsəbləşdiz, yoxsa hesabda geri olduğunuz üçün qanınız qara idi?
-Nə sizə əsəbi idim, nə də hesabda geri olduğumuza. Sadəcə meydanda futbolçulardan istədiyimi görməyəndə, onlar bacarıqlarından aşağı səviyyədə çıxış edəndə əsəblərimi saxlaya bilmirəm. Futbol emosiyalar oyunudu. Mən də çox emosional insanam. Həyatda sakit biri olsam da, iş başında çılğın biriyəm.
- Tərlan bəy eynək taxdığınızı ilk dəfədi görürük. Deyəsən, yaş artıq sözünü deyir.
- Xeyr. İki ildi eynəkdən istifadə edirəm. Düzdü, həmişə taxmıram. Mən məqşçilik kurslarında oxumuşam. Gecələr dərs oxumuşam. xeyli imtahan vermişəm. Məhz həmin hazırlıqlar gözlərimin zəiflənməsinə səbəb oldu.
- Minimal hesabla məğlub olduz. Komandanın çıxışı sizi qane etdimi?
- Komanda bundan əvvəl üç yoxlama görüşü keçirib. Öz aramızda iki oyun oynamışdıq. Ardınca "Şuşa Qarabağ”la qarşılaşmışdıq. Yəni, kollektiv bu gün meydana yorğun çıxmışdı. Bu gün uşaqlardan tam olaraq razı qaldım. Çünki onlar hücum futbolu oynadı, müdafiədə oturmadılar. İlk yarıda oyuna uyğunlaşdıq. Fasilədən sonra isə azacıq da olsa biz üstün idik. Bir neçə qol şansını əldən verdik. Hakim də təmiz penaltimizi vermədi. Amma arxa zonada top itkilərimiz oldu. Bu, bizə ötən il də problemlər yaratmışdı. Məhz buna görə biraz narazılığım var. Top itkiləri futbolçularda inamsızlıq yaradır. Onlar hər itirdiyi topdan sonra daha az qaçmağa başlayırlar. Bu problem üzərində işləməliyik.
- Bir neçə gün əvvəl açıqlamanızda bildirmişdiz ki, klubdakı taleyiniz bəlli deyil. Amma artıq komandanı 4 yoxlama oyununa çıxarmısız. Yenə eyni fikirdəsiz, yoxsa gələn mövsüm də AZAL-ın sükanı arxasında olacağını dəqiqləşib?
- Bəli. Mən belə söz demişəm. heç vaxt boş söz demirəm. Bugünə kimi burda qalıb-qalmayacağım bəlli deyildi. Amma bu gün komandanı meydana çıxarmışamsa, deməli növbəti mövsüm də burda qalacam. AZAL-ı bu vəziyyətdə qoyub getmək istəmirəm. Artıq iki ildən çoxdu ağır şəraitdə komandanı saxlayırıq, çiyin-çiyinə çalışırıq. Getmək istəsəydim, heç ötən mövsüm 150 min manat illik büdcəsi olan komandanı çalışdırmazdım. Çünki bu, karyeramı da sual altına qoymuşdu. İyunun 21-dən kollektivlə birgəyəm. Bura bir neçə futbolçu baxışa gəldi. Amma mən onlardan imtina etdim. Ona görə ki, oturuşmuş heyətidə çox dəyişiklik etmək istəmədim. Rail və Murad özləri komandadan ayrılıblar. Aydın və Məhəmmədi isə özüm göndərmişəm. Ən çox problem railin gedişi ilə bağlıdı.
- AZAL-dakı taleyiniz qeyri-müəyyən olduğu dönəmdə hansısa klubdan təklif aldızmı?
- Xeyr. Heç yerdən təklif almamışam. Yalan danışmaq istəmirəm. Amma mövsümün gedişində məni baş məşqçi görmək istəyən klublar olub. Onlara yox cavabı vermişəm. Çünki Zaur müəllimin, Fikrət bəyin zəhmətini yerə vurmaq niyyətim yoxdu. Inşallah komandanı normal vəziyyətə gətirək, sonra karyeramın növbəti pillələri haqda düşünürəm. Burda öz həyat prinsipimi yaşatmalıyam.
- Bəs büdcə ilə bağlı rəhbərlik tərəfindən konkret qərar varmı?
- Yeni mövsüm üçün də büdcəmiz məlumdu. Əvvəlki kimi yenə 150 min. Dollar yox ha, manat. (gülür)
- Bu büdcə ilə hansı transferlərə ümid edirsiz?
- Dediyim kimi, bir çox futbolçular burax baxışa gəlib. Tanış menecerlər də müəyyən təkliflər ediblər. Məsələn, bir neçə gündü baxışa ötən mövsüm "İstiqlal” Tehranda oynamış Məcid Soltanpuru çağırmışıq. 22 yaşı var, müdafiənin hər iki cinahında oynaya bilir. Ayın 11-i Namaşko geri qayıdır. Onu mən yenidən dəvət etdim. Ola bilsin ki, qarşıdakı günlərdə Rumıniyada çıxış edən afrikalı futbolçu ilə müqavilə bağladıq. Amma bu haqda sizə heç bir məlumat verə bilmərəm. Çünki bu gün kimin adını çəkirəmsə, səhər həmin futbolçu başqa komandaya keçir. Hazırda onun viza məsələsi ilə məşğuluq.
- Əvəzedici komandadan əsas heyətə neçə oyunçu cəlb olunub?
- İki nəfəri əvəzedici heyətdən götürmüşük. Bir neçə futbolçu da birinci diviziondan və başqa klubların əvəzedici heyətlərindən baxışa gəlib. Onları sınayırıq.
- Bəs növbəti mövsüm üçün əsas hədəf müəyyənləşibmi?
- Bu gün hədəfdən danışa bilmərik. Çempionatda 8 komanda oynayacaq. İşimiz ötənilkindən çətin olacaq. Bu büdcə ilə mübarizəyə qatılırıqsa, sonuncu pilləni tutmaq üçün meydana çıxmayacağıq. Hər halda, bacardığımız qədər yuxarı yerdə qərarlaşmağa çalışacağıq. Ötən mövsüm 5 turdan sonra biz nə qol vurmuşduq, nə də xal qazana bilmişdik. Amma sonradan çox şey dəyişdi. Yeni mövsümün ilk turlarından yaxşı çıxış etməyi, xallar qazanmağı planlaşdırırıq.
- Təlim-məşq toplanışınız ancaq ölkə daxilində olacaq, yoxsa xaricə çıxmaq variantları var?
- 150 minlə hara gedim? Futbolçu gətirim, yoxsa təlim-məşq toplanışına gedim? Bakıdan qırağa çıxmaq belə şəraitimiz yoxdu. Bir sözlə, maddi vəziyyət çox çətindi.
- Çox güman ki, bu durum sizə sparrinq rəqpiblər tapmaqda da sizə çətinlik yaradır.
- Doğru deyirsiz. Amma artıq 2 oyun keçirmişik. əsasən çalışırıq ki, premyer-liqa klubları ilə oynayaq. Lakin hər istədiyimizdə bu mümkün olmur. 4 klub avrokuboklarda çıxış edir. Heç olmasa, birinci divizion təmsilçiləri ilə oynamalıyıq. Qarşıdakı günlərdə "Sabunçu” və MOİK-lə oyunlar oynayacağıq.
- Əvvəlki açıqlamalarınızda bildirmişdiz ki, AZAL-da ən çox güvəndiyiniz oyunçu Rail Məlikovdu. O isə bu yay komandadan getdi. Bəs indi komandanın lideri kim olacaq?
- Mən bütün futbolçularıma güvənirəm. Bütün futbolçulara eyni gözlə baxıram. Onlar mənim kiçik qardaşlarımdı. Rail komandanın lideri idi. O uzun illər millidə çıxış etdi, "Neftçi” və "Qəbələ” kimi klublarda oynadı və hətta Türkiyədə də top qovdu. Yəni, Railin təcrübəsi komandanı idarə etməyə imkan verirdi. O, birlik yaratmaq bacarığına malik idi. Rail mənə cavanlığımı xatırladırdı. Yeni mövsümdən isə bu məsuliyyət Emin Cəfərquliyevin üzərinə düşəcək. Kapitan sarğısını məhz o daşıyacaq.
Futbol11.az