Mehman Allahverdiyev: “Azərbaycan futbolu üçün öz canlarını qoydular”

Avrokuboklarda tarixi ərzində ilk dəfə mərhələ adlamağı bacaran "Kəpəz” komandası ötən gün axşam saatlarında Bakıya qayıdıb.
Gəncə təmsilçisi Heydər Əliyev adına Hava Limanında azarkeşləri tərəfindən coşqu ilə qarşılanıb.
"Kəpəz”in icraçı direktoru Mehman Allahverdiyev qarşılanma mərasimi başa çatdıqdan sonra müsahibə verib: 
 
- "Kəpəz”in tarixi uğuru haqqında nə deyə bilərsiniz?
- Doğrudan da bu, çox sevindirici haldı. Səfərdən öncə verdiyim müsahibəmdə dedim ki, mən hələ heç bir səfərə belə rahat getməmişəm.   Mərhələ keçəcəyimizə çox inanırdım. Bu, tək "Kəpəz”in qələbəsi deyil. Bu, bütün Azərbaycan xalqının qələbəsidi. Ona  görə ki, "Kəpəz” tarixində ilk dəfə olaraq mərhələ adlayıb. Bu dəqiqə Gəncədə bizim futbolçuları necə böyük həvəslə gözləyirlər...Azarkeşlərimizin hansı hisslər keçirdiyini anlayıram. Əfsuslar olsun ki, komandamız Bakıda qalacaq.  Məşqlərə və qarşıdakı oyunlara görə hələ ki, Gəncəyə gedə bilmirik. Növbəti rəqibimiz Avstriyanın "Admira” komandasıdı. İstəyimiz odu ki, bu mərhələni də keçək, tarix yazaq. Artıq "Kəpəz” tarix yazıb və növbəti mərhələyə keçmək daha da yaxşı olacaq. 
 
- "Kəpəz” səfərdə çox yaxşı oyun sərgilədi. Səfərdən öncə komandaya hansısa vəd vermişdinizmi?
- Yox, "Kəpəz”in futbolçuları heç bir vədə baxmırlar. İnanın ki, bizim futbolçularımız ancaq və yalnız futbolu fikirləşirlər. Düşünürəm ki, onların mükafatları da normal olmalıdı. Dediyim kimi, səfərdən öncə heç bir vəd vermədik.  Biz yalnız onu dedik ki, Azərbaycanda, Gəncədə sizi necə gözləyənlər var...Futbolçular Azərbaycan futbolu üçün öz canlarını qoydular. 
 
- Mükafatdan söz açdınız. Keçilən mərhələyə görə komandanı hansı mükafat gözləyir?
- Yəqin ki, futbolçulara müəyyən qədər pul mükafatı veriləcək. Mükaftın məbləği yəqin ki, yaxın günlərdə bilinəcək. Hələ ki, Bakıya indi ayaq basmışıq (gülür). 
 
- Komandanın növbəti rəqibi də bəllidi. Avstriyanın "Admira” komandası ilə qarşılaşacaqsınız. Rəqib haqqında fikirləriniz necədi? Sizcə, "Kəpəz” "Admira” səddini keçə biləcəkmi?
- Keçəcəyik. Niyə də keçə bilməyək? "Daçiya” ilə evdə heç-heçə oynayanda hamı fikirləşirdi ki, bizim üçün çox çətin olacaq. Ancaq görürsünüz ki, komandamız əlindən gələni etdi. Şəhər rəhbərliyimiz, komanda və AFFA rəhbərliyi "Kəpəz”ə dəstək oldu. Bizə dəstək olan hər kəsdən razıyıq. Çox sağ olsunlar ki, bizə belə bir komanda yaratmağa imkan yaratdılar.  
 
- Bundan sonrakı hədəfiniz "Admira”nı keçməkdi, yoxsa qrup mərhələsinə vəsiqə qazanmaq?
- Bilirsiniz ki, iştah diş altında olur.  İndi "Admira”nı keçək, sonra yavaş-yavaş baxacıq. Bizim məqsədimiz Premyer Liqada ilk "altılıq”da mübarizə aparmaq idi. Sonra gördük ki, biz Avropada da oynaya bilərik. Bundan sonra Avropa Liqasında vəsiqə qazanmağı qarşımıza məqsəd qoyduq. Avrokuboklara vəsiqə qazandıq və sonra dedik ki, ilk mərhələni keçək. Bütün qarşımıza qoyulan məqsədləri yerinə yetirdik. İndi də bizi ikinci mərhələ gözləyir. Bunu da keçsək istəyəcəyik ki, digər mərhələni də keçək. Yavaş-yavaş çalışacağıq ki, bütün bunları həyata keçirək.

Futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right