Şahin Diniyev: “Admira” səfərdə 3 qol vurub Slovakiya komandasını məğlub edə bilirsə...”

Avropa Liqasının I təsnifat mərhələsinda Moldovanın "Daçiya” komandasını turnirdən kənarlaşdıran "Kəpəz” bu gün axşam saatlarında Bakıya qayıdıb.
 
Gəncə klubu Heydər Əliyev adına Hava Limanında azarkeşləri tərəfindən böyük coşqu ilə qarşılanıb. 
 
Qarşılanma mərasimindən sonra "Kəpəz”in baş məşqçisi Şahin Diniyev müsahibə verib. 
 
- Şahin müəllim, nədənsə çox yorğun görünürsünüz...
- Çox yorğunuq. Səhər saat 6-da Kişniyovdan çıxmışıq. Yol yorğunluğu var. Həm İstanbulda gözlədik, həm də yol yorğunluğu...Ümumiyyətlə, çətin qarşılaşmadan sonra komanda yorğundu və məndə onların içində.
 
- "Kəpəz”in səfər qələbəsi qazanmasına motivasiya verən amil nə idi?
- "Kəpəz” komandası bir ailə altında birləşən komandadı. Nə istədiyimizi başa düşür və anlayırıq. Ümumiyyətlə, yavaş-yavaş sistemə oturan komandamız var. Futbolçular həqiqətən də başa düşürdülər ki, Kişniyovda mütləq hədəflədiyimiz işin öhdəsindən gəlməliydik. Əlimizdə şans var idi. Bu şansa bizim qismətimizə düşmüşdü. Futbolçular qələbə qazanmaq, "Kəpəz”in tarixi ərzində ilk dəfə mərhələ adlamasına yardımçı olmaq istəyirdilər. Mənə elə gəlir ki, komandamızda istək çox idi. Ən əsası komandamız komanda şəkilində meydanın hər qarışı uğrunda vuruşa bildi. Məni sevindirən budu ki, komanda taktiki cəhətdən çox ağıllı oynadı, öz qol vəziyyətini gözlədi və buna da nail oldu. 
 
- Artıq mərhələ keçmisiniz. Bu nəticədən sonra rəhbərlikdən hansı mesajı almısınız?
- Əlbəttə, başqa bir şey ola bilməzdi. Onlar bizi təbrik etdilər. Rəhbərlik inanılmazı bacardığımız üçün bizə təşəkkür etdi. 
 
- Növbəti mərhələdəki rəqibiniz Avstriyanın "Admira” komandasıdı. Bu komanda haqqında fikirləriniz necədi?
- Bu gün "Admira” əgər səfərdə 3 qol vurub, Slovakiya komandasını məğlub edə bilirsə, bu, artıq rəqibimizin gücündən xəbər verir. Ancaq yaxın 2 gün ərzində komandanı analiz edəcəyik. Həmin komandanın oyunlarına baxdıqdan sonra qəti fikir bildirə bilərəm. 
 
- "Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində "Admira” ilə yoxlama oyunu keçirmişdi. Ağdam klubunun  baş məşqçisi Qurban Qurbanovdan "Admira” haqqında hansısa məsləhət alacaqsınızmı?
- Mütləq. Qurban Qurbanov bu məsələlərdə həmişə bizə kömək olub. Bildiyiniz kimi, biz Moldovaya səfəröncəsi "Qarabağ”ın təlim-məşq bazasında hazırlaşdıq. Biz "Qarabağ”ın stadionunda yaxşı hazırlıq keçdik. "Kəpəz”in mərhələ adlamasında "Qarabağ”ın böyük köməyi oldu. 
 
- Komandanın yaxın iki gün ərzində planı necədi? Futbolçulara istorahət verəcəksinizmi?
- İstirahətə vaxtımız yoxdu. Uzun yol gəldiyimiz üçün sabah mütləq bərpa prosesindən keçməliyik. Ayın 10-da məşqlərimizi bərpa edəcəyik. Ayın 12-nə qədər səmərəli məşq etməliyik. Həm taktiki, həm də fiziki hazırlıq üzərində çalışmalıyıq ki, komandamız növbəti oyun üçün hazır olsun. Yəqin ayın 13-ü səhər saatlarında da Avstriyaya yollanacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right