UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində iyulun 7-də səfərdə Moldova “Daçiya”sı ilə qarşılaşacaq “Kəpəz” Bakı hazırlığını başa vurub.
Newsport.az-ın məlumatına görə, komanda paytaxtda son məşqinə bu gün “Qarabağ”ın Suraxanıda yerləşən məşq bazasında çıxıb.
“Sarı-göylər”in məşqi təxminən 1 saat 20 dəqiqə sürüb. Hazırlıq prosesində əsasən toplu çalışmalara üstünlük verilib.
“Kəpəz”in Bakıda keçirilən son məşqini klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu və icraçı direktor Mehman Allahverdiyev də izləyib. Klub rəsmiləri məşq zamanı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və kapitan Rəşad Sadıqovla da görüşüblər. Ayaqüstü söhbətdə tərəflər bir-birlərinə qitə miqyaslı turnirlərdə uğurlar arzulayıblar. Görüşdə həmçinin “Kəpəz”ə məşq etmək üçün şərait yaratdıqlarına görə Ağdam təmsilçisinin rəhbərliyinə minnətdarlıq edilib.
Qeyd edək ki, “Kəpəz” bu gün gecə saatlarında Bakını tərk edərək səfərə çıxacaq.