“Neftin çalası”na atılan klubumuz: “Neftçala”!

Tarixə qovuşanların sırası genişlənir

Növbəti “hədəf” kimi “Neftçala”nı seçməyimiz səbəbsiz deyil. “Bölgələrdə futbol inkişaf etməlidir”, “Bölgə təmsilçilərinə şərait yaradılamlıdır” kimi sözləri çox eşitmişik. Yəni Azərbaycanın futbol başbilənləri az qala hər açıqlamasında “bölgələrdə futbolun inkişafı üçün çalışırıq” kimi ifadələri artıq qulaqlarımızdan sırğa kimi sallanır desək yanılmarıq. Təəssüf ki, bütün bunlar elə söz olaraq qalır və gözdən pərdə asmaq niyyəti güdür. Yəni söz var, əməl yoxdur. Bunu cari mövsümün sonunda da gördük. Həmişə olduğu kimi. Ötən il “Neftçala” Kamal Quliyevin rəhbərliyi altında çempion olanda həm klub rəhbərliyi həm də baş məşqçidən tutmuş bütünfutbolçular sevinc içində, böyük ümidlərlə Premyer Liqada iştirak edəcəkləri günü gözləyirdilər. Bəlkə də bu arzunun bir xülya olduğunu hiss etmişdilər, bəlkə də yox. Amma faktiki “Neftçala” çempionluğun və çəkdikləri əziyyətin bəhrəsini görmək istəyirdi. Premyer Liqanın püşkatmasına az müddət qalmış onların aldığı xəbər isə belə demək mümkünsə sarsıdıcı oldu. Tamamilə həvəsdən düşdülər və növbəti mövsümə necə başlayacaqlarını, ümumiyyətlə oynayıb-oynamayacaqlarını düşünməyə başladılar. Bütün bunlara baxmayaraq Kamal Quliyevin rəhbərliyi altında yenidən toparlanaraq əzm göstərdilər və ardıcıl ikinci dəfə çempion oldular. Neftçalalı azarkeşləri növbəti dəfə qürurlandırdılar. Təbii ki, bu həvəsin, yenidən toparlanıb çempionluğa oynamağın yeganə səbəbi ümid idi. Premyer Liqada iştirak edəcəklərinisəbirsizliklə gözləyirilər. Bu ümid də 2016/17 mövsümündə güclülər dəstəsində 8 komandanın iştirak edəcəyi müəyyənləşəndən sonrapuç oldu. Yəni, çempion olmasına baxmayaraq “Neftçala” Premyer Liqada oynamayacaq. Hətta, hazırda klubun dağılması haqda müzakirələr gedir və təəssüf ki, bu mənada heç bir müsbət addım yoxdur. Qısası daha bir futbol ənənəsi olan bölgə təmsilçisi tarixə qovuşmağın astanasındadır. Bir sözlə, artıq Azərbaycan futbolu üçün xilaskar rolunu oynamayan neftdə “boğulan” klublarımızın sırasına daha biri qoşulmaq üzrədir...

“Pambıqçı” ilə başlayan ənənə...

Əslində bölgədə futbolun populyarlaşması müstəqilliyimizin ilk illərinə təsadüf edir. Daha doğrusu, Neftçala futbolu “Pambıqçı” ilə tanınıb desək yanılmarıq.1992-ci ildə səhnəyə çıxan komanda həmin mövsümdə yaxşı çıxış etsə də güclülər dəstəsinə vəsiqə verən ilk iki yerdən birini tuta bilməyərək, bürünc medalla kifayətlənmək məcburiyyətində qalır. Ümumiyyətlə demək olar hər dəfə çempionluğu hədəfləyən neftçalalılar 1993mövsümündə əvvəlcə birinci divizionun “B”, növbəti “futbol ili”ndə isə “A” qrupunda ikinci yeri tutur. Nəhayət, 1994/95 mövsümündə bölgə təmsilçisi Azərbaycanın ən güclü komandalarının yarışdığı çempionatda iştirak hüququ qazanır. Beləcə ardıcıl 3 il 1994/95, 1995/96 və 1996/97 mövsümündə güclülər dəstəsindəsözügedən bölgənin təmsilçisi də mübarizə aparır. Ancaq bu illər komanda üçün o qədər də uğurlu alınmır. İlk mövsümdə 13 komanda arasında 9-cu yeri tutsa da, “Pambıqçı” sonradan bu nəticəni təkrarlaya bilmir.  1995/96-da 11 komanda arasında sonuncu, növbəti ildə isə 16 iştirakçı arasında 15-ci olur.

1998-2000-ci illərdə Azərbaycanda birinci divizionun ləğv olunması ilə bir çox iştirakçılar kimi Neftçala komandası da tarixə qovuşur.Yəni güclülər dəstəsi bu bölgəni heç kim təmsil etmir. Hətta, birinci divizion bərpa ediləndən sonrakı bir neçə ildə də Neftçalanın adından oynayanheç bir komanda görünmür...

Yalnız 2004-cü ildə “ANŞAD Petrol” adı altında klub yaradılır. Azərbaycan, Türkiyə və Malayziyanın səhmləri ilə fəaliyyətə başlayan “ANŞAD Petrol MMC”nin maddi dəstəyi sayəsində klub 2011-ci ilə qədər bu ad altında fəaliyyət göstərir. Qeyd edək ki, “ANŞAD Petrol” bu 7 il ərzində heç də zəif nəticə göstərmir. Hər mövsüm çempionluğa oynasa da ən yaxşı göstəriciləri ardıcıl bir neçə dəfə yalnız bürünc medallarla kifayətlənmək olur.

2011-ci il fevralın 23-də “ANŞAD Petrol”un da fəaliyyətinə son qoyulur və komanda yeni, “Neftçala” adı ilə çempionata davam edir. Kluba sponsorluğu isə “SOCAR Petroleum” öz üzərinə götürür. Bununla da 2011-ci ildən etibarən “Neftçala” elə təmsil olunduğu bölgənin adı ilə oynamağa başlayır. Klubda baş verən dəyişikliklərə görə “Neftçala” həmin il 21 xalla 10-cu yeri tutur. Ancaq, növbəti mövsüm üçün qarşıya konkret çempionluq hədəfi qoyulur. Neftçalalılar 2011/12 mövsümündə 55 xalla ikinci, 2012/13-cü “futbol ili”ndə isə 54 xalla 3-cü yeri tutur. İki il əvvəl isə 68 xalla yalnız “Araz Naxçıvan”dan geri qamaqla çempionluq potensialının böyük olduğunu bir daha göstərdi. Naxçıvanlılar premyer-liqaya yüksələndən sonra birinci divizionda “hakimiyyət”i “Neftçala” ələ keçirir.Artıq iki ildi ki, çempion titulunu qoruyub saxlayan nefçalalıların da aqibətinin bu cür olacağı ağlasığmaz idi. Çünki klubun arxasında AFFA kimi futbol qurumu dayanırdı. Üstəlik aşağı dəstənin belə desək“div”lərindən hesab olunurdu.Çempionatdan əlavə neftçala təmsilçilərinin ölkə kuboklarında da müəyyən nəticələri var. Onlardan ən yaxşı göstəriciyə məhz “Pambıqçı” malikdir. Çünki 1992-ci ildə bu komanda 1/4 final mərhələsinə qədər irəliləməyi bacarıb.Ancaq növəti illərdə, istər “ANŞAD Petrol” olsun, istərsə də “Neftçala” indiyə qədər kubokun 1/8 final mərhələsindən bu yana keçə bilməyib. Neftçalanın indiyəqədərki ən yaxşı futbolçusu isə ardıcıl 3 mövsümdə (1994/95, 1995/96, 1996/97) bombardir olmuş Mehman İbrahimov sayılır…

…“Neftçala” ilə bitəcək?

Neftçalalı futbolsevərlərin indi hansı hisslər keçirdiyi başa düşüləndir. Bu bölgədə futbolun ənənəsinin qoyulması üçün xeyli əziyyətlər çəkilib. Hələ keçən ildən etibarən rayonda abadlıq işlərinə də başalnılmışdı. Klub rəhbərliyi premyer-liqaya yüksəlmək üçün tələb olunan bütün şərtləri yerinə yetirməyə çalışırdı. Düzdü “Neftçala”nın ən çox problem yaşadığıməqam stadionla bağlıdır. Hər dəfə, xüsusən də qış aylarında əksər bölgələrdə olduğu kimi orda da meydança yararsız vəziyyətə düşür. Ciddi problemi olan, kartof sahəsini xatırladan meydançada isə, təbii ki, heç bir rəqib oynamaq istəməz. Amma ötən ildən startı verilən yenidənqurma işlərinin stadiona da müsbət təsir edəcəyi gözlənilirdi. Amma deyəsən buna ehtiyac qalmayacaq.Çünki, hazırda “Neftçala”nın taleyinə konkret aydınlıq gəlmədiyi üçün stadion məsələsi ikinci plana keçib. “SOCAR Petroleum”, dolyaısı ilə AFFA klubun üzərindən əlini tam çəkərsə komandanın yeni mövsümdə çıxışı sual altına düşəcək. Təbii ki, futbol naminə hadisələrin bu cür davam etməsini istəmərik. Amma görünən odu ki, bölgələrdə futbolun inkişafı, kütləviliyi artırmaq əvəzinə tam əks addımlar atılır…

“Belə olacaqdısa məni niyə baş məşqçi kimi çağırdılar?”

Təbii, Neftçala futbolu ilə bağlı müəyyən insanların da fikirlərini öyrənmək lazım idi. Konkretləşdirsək, həm komandanın sabiq baş məşqçisi Kamal Quyliyev, həm də rayon futbolunun əfsanəsi sayılan Mehman İbrahimovu dinləmək istədik. Ancaq Mehman bəy məsələ ilə bağlı açıqlama verməkdən çəkindi. Bu üzdən artıq klubla bağlılığı qalmayan Quliyevin qısaca fikirləri ilə kifayətlənməli olduq. Kamal bəy bu məsələdə AFFA ilə PFL-I deyil, məhz klub rəhbərliyini günahlandırdı və dolayısı ilə çempionatboyuonun işinə müdaxilə edildiyini söylədi:“Komandanın gələcəyi barəsində məlumatı rəhbərlikdən soruşsaz daha yaxşı olar. Təəssüf ki, orda iki ilim getdi. “Neftçala”nı çempion etdim, bu mənim şəxsi uğurum idi. İki il çempion olduq amma premyer-liqadamübarizə apara bilməyəcəyik. Komanda faktiki yoxdur. Mən nə AFFA-nı nə PFL-i qınayıram.Onlar premyer-liqaya yüksəlməyimiz üçün əlindən gələni etdi. Günah rəhbərlikdədir. Belə olacaqdısa məni niyə baş məşqçi kimiçağırdılar? Kənardan da göstəriş verməklə klubu çempion edə bilərdilər.Futbolçular artıq müxtəlif klublarla danışıqlar aparır, hətta müqavilə də imzalayıblar…

Açıq danışaq, hamı pul qazanmaq üçün yaşayır. Bölgə futbolunu işıqlandıran yoxdur. Bəzi jurnalistlərimizi çıxmaq şərtiylə əksəriyyət bu mövzuya toxunmur. Klubların yaşaması üçün yerli icra hakimiyyətlərinin də üzərlərinə düşülməlidir. Mən Yevlaxda oynayanda, rayonun İcra Başçısı oyunlara gəlirdi, azarkeşlərlə birgə komandanı dəstəkləyirdi. Üzərinə düşən işləri görürdülər. İcra hakimiyyəti də futbolu sevməlidir. Dövlət tərəfindən bu məsələni aydınlaşdırmaq lazımdır. İş adamların futbola cəlb eləmək, onları müəyyən vergilərdən azad edərək həmin məbləği klublarımıza ayırmaq lazımdır. Ölkə prezidenti futbolun inkişafı üçün 2 milyard dollar vəsait ayırmışdı. Bəs bu pullar kimlərin cibinə getdi?Elə buna görə də, büdcələrə nəzarət komitəsi yaradılmalıdır ki, oxşar halların qarşısı alınsın”.

 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".

 

SƏBUHİ NƏRİMANOĞLU.

İdmanxeber.com

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right