"Sumqayıt"ın baş məşqçisi Samir Abasovun müsahibəsi:
- Komandanın hazırlığı barədə danışardınız…
- İlk mərhələnin hazırlığını iyunun 30-da bitirdik. Baxışa gələn futbolçular oldu. Onların bəzilərini heyətə cəlb etdik. Elə futbolçular oldu ki, onların çıxışı bizi razı salmadı. Artıq hazırlığın 2-ci mərhələsi gedir. Gündə 2 dəfə məşq edirik. Səhər qumda, axşam isə bazada çalışırıq. Toplanışın 2-ci mərhələsində 2 yoxlama oyunu keçirəcəyik. İyulun 7-də "Qaradağ Lökbatan”la,ayın 10-da isə "Zirə” ilə qarşılaşacağıq. Hər iki oyun "Sumqayıt”da baş tutacaq. Daha sonra isə Sumqayıtdakı toplanışı başa vuracağıq. Hazırlığımızın 3-cü mərhələsini isə Türkiyədə keçirəcəyik. Qardaş ölkəyə iyulun 12-də yollanacağıq. Bolu şəhərində hazırlığımız olacaq. Türkiyədə 4 yoxlama oyunu keçirəcəyik. Amma rəqiblərin adı bəlli deyil.
- Samir müəllim, həmişə sizin mətbuata verdiyiniz açıqlamalar maraqla qarşılanır. Xüsusən də legionerlərlə bağlı dediyiniz fikirlər. Komandaya legionerlərin cəlb olunmasını istəsəniz də, bu baş vermədi...
- Legioner söhbəti artıq bağlanıb. Mən özüm çox istəyirdim ki, komandaya əcnəbi futbolçu transfer edilsin. Lakin icazə vermədilər. Səbəbini isə yuxarılar yaxşı bilir. Niyə vermədilər? Artıq bu sual mənə aid deyil. Bilmirəm. Legioner futbolçu Azərbaycan futbolunda vacib amillərdən biridi. Bizim klub daha çox yerli futbolçu yetişdirməlidi. Bundan əlavə yığma komandaya futbolçu hazırlamalıdı. Çox çalışdıq, istədik, lakin rəhbərlər icazə vermədilər.
- Komandaya yeni transferlər olacaq?
- Bəli, gözlənilir. Çünki boş mövqeyimiz var. Dayaq yarımmüdafiəçi mövqeyinə transfer gözlənilir. Axtarırıq. Azərbaycan əsilli futbolçu da ola bilər. Axtardığımız futbolçunu Türkiyə yoxlanışında sınaqdan keçirəcəyik. O mövqeydə problemin olduğunu deməzdim. Sadəcə çatışmayan cəhətlər var.
- Heyətə 3 iranlı futbolçu dəvət edilsə də, onları komandada saxlamadınız…
- Onlardan biri Azərbaycan əsilli idi. Sözün düzü, iranlı futbolçularla işləmək həmişə problem olub. Mən əvəzediciləri çalışdıranda görmüşəm. Birinin universitet, birinin əsgərlik məsələsi ortaya düşür. Onları gətirən adama da başa saldıq ki, yoldan keçəni bura gətirmə. Gətirirsizə, heç olmasa kluba uyğun olsun. Onları komandaya götürmək baş ağrısıdı.
- Yay fasiləsində komandadan aparıcı futbolçular getdi. Onların boşluğunu doldurmağı bacarmısınız?
- Çalışırıq ki, dolduraq. Səmimi deyirəm ki, onların əvəzinə legioner transferi icazə veriləsydi daha yaxşı olardı. Biz kiminsə yerini doldurmaq istəmirik. Açığı, biz elə yerdəyik ki, burada nə yer doldurmaq? 8-ci pilləni tutmuş komandada hansı futbolçunun yoxluğunu unutdurasan? Bu haqda danışmaq düzgün deyil. İstəyirdik ki, "Sumqayıt”ın imici olsun. Biz qıraqda qalan futbolçunu yox, isdəyimiz oyunçunu transfer etmək istəyirik. Həmin futbolçu da komandaya gələndə baxıb görsün ki, kimlərlə oynayacaq. Mən şəxsən futbolçu olsam və "Kəpəz”lə "Sumqayıt” arasında seçim etsəm, Gəncə klubunu seçərəm. Çünki imic bunu tələb edir. Bu, reallıqdı. Azərbaycanlı futbolçularla qabağa getmək istəyirik. Bu, çox çətin olacaq.
- Yeni mövsümdə daha güclü "Sumqayıt” görə biləcəyik? Yoxsa ötənilki komandadan daha zəif olacaq…
- Daha mübariz komanda görəcəyik. Azı 2 transfer etmək istəyirik. Bu transferlər baş tutmasa, bizi nələrin gözlədiyini deyə bilmərəm. Daha mübariz və döyüşkən komanda yaratmaq istəyirik.
- Növbəti mövsüm çempionatda 8 komanda çıxış edəcək. "Sumqayıt” və AZAL digər klublarla mübarizə apara biləcək?
- Mən öz komandama cavabdehəm. AZAL barədə danışmağım düzgün olmaz. Layiqli oynayacağıq və mübarizə aparacağıq. Amma bu mübarizə davamlı olacaqmı? Bunu hər oyun edə biləcəyik? Amma desəm ki, bütün komandalarla hər oyunda başabaş mübarizə aparacağıq, bu yalan olar. "Sumqayıt” hazırda ən zəif komandalardan biridi.
- 5-ci pillədən yuxarı qalxmaq mümkün olacaq?
- Xeyr.
- Transferlərdən narazısınız?
- Bizə gələn bütün futbolçulardan razıyam. Amma istəyim futbolçular var idi. Gəlin siz 2 jurnalist və mən oturaq söhbətləşək. Deyəcəksiniz ki, Samir müəllim, Ukraynadan, Serbiyadan, Belarusiyadan və.s ölkədən legioner gətirin. Bu, reallıqdı.
Futbol11.az