“Daçiya”nın prezidenti: “Lazım olsa, lap meydançaya da çıxaram”

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakıda baş tutan "Kəpəz” – "Daçiya” matçında hesab açılmayıb.

Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra Moldova təmsilçisinin prezidenti Adlan Şişxanov jurnalistlərin suallarını cavablandırıb. 
 
- Qarşılaşma haqqında fikirləriniz necədi?
- Bizim komandamız Avrokuboklar üçün çox darıxmışdı. Uşaqlar bu gün yaxşı oynadılar. Düzü, komandamızın belə oynayacağını gözləyirdim. İlk görüşdə səfərdə əldə edilən heç-heçəni yaxşı nəticə saymaq olar. Düzdü, ən yaxşı nəticə deyil, amma bu, fəlakət adlandıra biləcəyimiz nəticə də deyil. 
 
- Mətbuat konfransı zamanı komandanın baş məşqçisi demişdi ki, bizim prezident səfərdəki heç-heçəni yaxşı nəticə kimi qəbul etmir. Siz isə bugünkü oyunun nəticəsini yaxşı dəyərləndirirsiniz...
- Mən həmişə demişəm, biz hər zaman, evdə ya səfərdə, həmişə qələbə üçün oynamışıq. Bu gün isə heç-heçə əldə etdik. Bu bizim üçün pis nəticə deyil. Çünki "Kəpəz” çox istəkli futbol oynayırdı. 
 
- Sizin komandanızı prezident, yoxsa baş məşqçi idarə edir?
- Mən orda olanda komandam daha yaxşı futbol oynayır. Lazım olsa, lap meydançaya da çıxaram. 
 
- Bəs sizin bu hərəkətiniz baş məşqçiyə hörmətsizlik deyil?
- Nəyə görə? Biz uzun müddətdi belə çalışırıq. Belə vəziyyətdə özümüzü normal hiss edirik. 
 
- Oyuna müdaxilələri də siz edirsiniz?
- Futboldan sual verin, mən də cavab verim. 
 
- Cavab oyununda hər şeyin sizin üçün yaxşı olacağını dediniz. Öz komandanıza bu qədər inamınız var?
- Mən yenə təkrar edirəm. "Kəpəz” uzun müddətdi Avropa oynamır. Biz isə hər il Avropa yarışlarına qatılırıq. Rəqib çox həvəsli idi. Növbəti oyunda hər şey fərqli olacaq. 
 
- "Kəpəz”dən hansısa oyunçu xoşunuza gəldimi?
- Bütün oyunçular yaxşı təsir bağışladılar. Uşaqlar hamısı bütün güclərini ortaya qoymuşdular. Bir klub prezidenti kimi mənə xoşdu ki, biz yüzlərlə kilometr yolu boşuna gəlməmişik və gözəl oyun izlədik.
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right