"Samtredia”nın heyətində tanıdığım bir neçə futbolçu var. Həmin futbolçular mənim oynadığım müddətdə də o komandanın şərəfini qoruyublar. Amma mən getdikdən sonra komandada məşqçi dəyişikliyi olub. Həmin məşqçi komandaya özü ilə birgə yeni simalar gətirib. "Samtredia”nın son mövsümdəki çıxışı doğrudan da sürpriz oldu. Həqiqətən də yaxşı oynadılar. Onlar "Dinamo” kimi rəqiblərindən xal almağı bacarıblar. Ümumilikdə isə çox yaxşı mübarizə apardılar.
Newsport.az-ın məlumatına görə, bu sözlər Bakının "İnter” klubunun futbolçusu Zurab Xizanişviliyə məxsusdur.
Təcrübəli futbolçu "İnter”dən öncə hazırda Avropa Liqasının I təsnifat mərhələsində təmsilçimiz "Qəbələ”yə rəqib olan "Samtredia”nın uğurları üçün çalışıb. Zurab əməkdaşımızla söhbətində sabiq komandası ilə "Qəbələ”nin şanslarını dəyərləndirib: "Mən deyərdim ki, hər iki komandanın şansları bərabərdi. "Qəbələ” mövsüm başa çatandan sonra bir neçə futbolçusunu itirib. Bütün bunlara baxmayaraq "Qəbələ” təcrübə baxımından "Samtredia”nı üstələyir”.
Təcrübəli müdafiəçi "Samtredia”nın sabiq futbolçusu kimi "Qəbələ”yə hər-hansı məsləhət verməkdə çətinlik çəkdiyini bildirib: "Dediyim kimi, "Samtredia” yeni məşqçilərdən, yeni və gənc futbolçulardan qurulmuş komandadı. Onlara bir gün yaxşı, bir gün isə zəif oynayırlar. Ona görə də taktika və digər şeylər barədə danışa bilmərəm”.