Şahin Diniyev: “Oyun Gəncədə olsaydı...”

"Kəpəz”in baş məşqçisi Şahin Diniyevin müsahibəsi: 
 
- Hazırlıqların bir hissəsini Türkiyədə keçirdiniz. Həmin toplanışı necə dəyərləndirirsiniz?
- Türkiyə toplanışı ayın 11-dən 21-dək olan 10 günlük toplanış idi. Əsasən fiziki hazırlığı təməlini qoymaq istəyirdik. Mənə elə gəlir ki, bunun öhdəsindən gəlməyi bacardıq. Hər bir futbolçu səylə və vicdanla çalışdı. Mən futbolçuların işə münasibətindən çox razı qaldım. Ancaq bir şey pisdi ki, biz taktika və texnika üzərində işləyə bilmədik. Bilirsiniz ki, Türkiyədə 2 yolxama oyununa çıxdıq. Hər iki oyunda hər bir futbolçu 45 dəqiqə futbol oynadı. Ümid edirdik ki, Avropa Liqasındakı oyunumuz ayın 30-da olacaq. Amma oyunun ayın 28-nə çəkilməsi bizim ziyanımıza işlədi. İndiki məşqlərdə çalışırıq ki, oyun praktikamızı artıraq. Ona görə də, məşqlərdə öz aramızda daha çox futbol oynamağa vaxt sərf edirik. Mənə elə gəlir ki, komandamıza adaptasiya olmaq çətin olacaq. 2800 metr hündürlükdən – dağ havasından gəldikdən sonra bu cür istilərdə məşq etmək bir qədər çətindi. Düşünürəm ki, bunun öhdəsindən gəlməliyik. 
 
- Avrokuboklar öncəsi heyətin özəyini qoruyub saxlamaq və yeni transferlər etmək lazım gəlir. Necə düşünürsünüz, "Kəpəz” bunu bacardımı?
- Hardasa hə, hardasa yox. Nəyə görə, gedənlərimiz çox oldu. Əlbəttə, Juniorun, Tərlanın, Namiqin və Budaqın yeri görünəcək. Onlar yaxşı futbolçular idi. 1 il ərzində "Kəpəz” üçün çox şeylər etmişdilər. Ancaq yeni trasnferlərimizə də bir qədər vaxt lazımdı. Mənə elə gəlir ki, oyun sistemimizə oturmaları üçün yeni futbolçularmıza bir qədər problemimiz olacaq. Müəyyən qədər vaxta ehtiyac var. Düşünürəm ki, yeni transferlərimiz komandaya xeyir verə biləcəklər. 
 
- Ötən mövsüm "Kəpəz” yarımmüdafiə xəttində seçilən ən yaxşı komandalardan biri idi. Mövsüm başa çatdıqdanm sonra 2 əsas yarımmüdafiəçi komandadan getdi. Bu gedişlər komandaya nə dərəcədə təsir edəcək?
- Desəm ki, təsir etməyəcək bu, düz olmaz. Əlbəttə, onların gedişi komandaya təsir edəcək. Ancaq səhvləri və bizə təsir edəcək gücü minimuma endirməyə çalışacağıq. Hazırda mərkəz xəttində pis futbolçumuz yoxdu. Dediyim kimi, müəyyən qədər vaxta ehtiyacımız var. Həm Serjinyo, həm də Vüqar Bəybalayev gedən futbolçularımızın yerini dolduracaq gücdədilər. Ola bilsin ki, bu futbolçular 15-20 gündən sonra həmin effekti verə biləcəklər. 
 
- Avropa Liqasında "Daçiya” ilə qarşılaşacaqsınız. Moldova təmsilçisinin oyunlarını analiz etmisinizmi?
- "Daçiya”nın bəzi oyunlarını izləmişəm. Komandadakı seleksiya işlərinə və baş verən dəyişikliklərə fikir verirəm. "Daçiya” çox yaxşı komandadı. Komanda qarşısına Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq taşırığı qoyub. Əgər qarşılarında belə bir məqsəd varsa, deməli çox ciddi komandadı. Komandanın heyətində 12-13 leginer futbolçu var. Mənə elə gəlir ki, Moldova çempionuna qarşı oynayacağıq. Nəyə görə, bilirsiniz ki, "Daçiya” ötən il keçirdiyi 27 oyundan yalnız ikisində məğlub olub və qızıl medallar uğrunda "Şerid”ə "qızıl oyun”un nəticəsinə görə uduzub. Bir sözlə, ciddi rəqiblə qarşılaşacağıq. Bizi çox çətin oyun gözləyir.
 
- Son anda sifariş ərizəsinə daha bir futbolçunun adını daxil edə bilərsiniz. Bu imkandan istifadə edəcəksinizmi?
-Yox, hal-hazırda vaxtımız yoxdu və büdcəmiz də buna imkan vermir. Biz əlimzdə olan futbolçularla keçinməliyik.      
 
- Dario Federikonun durumu necədi?
- Dario 7 aydı məşq etmir, futbol oynamır. Ancaq futbolçu çox səylə çalışır. Tam, 100 faiz hazır olmasa da, rəqibə başağrı gətirə biləcək futbolçudu. 
 
- Avrokubok oyunlarınızı Gəncədə yox, Bakıda - "Dalğa Arena”da keçirəcəksiniz. Azarkeş və digər məqamlar baxımından bu amil sizə necə təsir edəcək?  
- Sözsüz ki, təsir edəcək. Bizim gücümüzə güc qatan azarkeşlərimizdi. Oyun Gəncədə olsaydı, stadionda azarkeş əlindən yer qalmayacaqdı. İnanıram ki, azarkeşlərimiz bizi tək buraxmayacaqlar. Bilirsiniz ki, azarkeşlərin də böyük imkanı yoxdu. "Dalğa Arena” dolmasa da, 4000-5000 azarkeşin oyunumuzu izləyəciyini gözləyirəm.

Futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right