Bu gün “Qəbələ”nin məşqçisi Ramin Quliyev üçün əlamətdar gündür. Bu mövsümdən artıq əsas komandada çalışan səbəbkar 35 illik yubileyini qeyd edir.
Ramin Quliyev məşqçiliyə futbolçu karyerasını bitirdiyi “Qəbələ”də başlayıb. O, bu klubda çalışdığı hər 3 mövsümdə mükafatçı olub. Debütündə U-12 komandasında yalnız finalda “Neftçi”yə uduzaraq gümüş medalçı olub. Növbəti mövsümüə U-17 komandaya rəhbərlik edən məşqçi "qızıl dubl”a imza atıb. Yəni həm çempionatın, həm də U-17 Liqasında keçirilən kubokun qalibi olub.
Növbəti il yenidən yüksələn, bu dəfə əvəzedici komandaya baş məşqçi təyin edilən Ramin Quliyev tarixi nəticəyə imza atıb. Belə ki, "Qəbələ” əvəzediciləri ilk dəfə onun rəhbərliyi altında çempion olublar. Özü də komanda 6-cı turdan sonra axırıncı - 10-cu pillədə olaraq, zirzəmidən zirvəyə inamla irəliləyib.
Təbii ki, bu uğurlu nəticələr diqqətdən kənarda qala bilməzdi və Ramin Quliyev mövsüm bitəndən sonra əsas komandaya dəvət olundu. Bununla da gənc mütəxəssis ukraynalı baş məşqçi Roman Qriqorçukun yeni köməkçisi oldu. Əslində, o, Qriqorçuka ilk gəldiyi vaxdan tanışdır. Çünki ukraynalı mütəxəssis yeni müavilə imzaladığı vaxtda “Qəbələ”nin 3 oyununu kənarda izlədiyi zamanı baş məşqçi əvəzi olan Sənan Qurbanova kömək etmək üçün Ramin Quliyev U-17-dən əsas komandaya dəvət olunmuşdu.
Yubilyar hələ futbolçu vaxtından titullara sahibdir. O, həm çempionluq, kubok sevincini hələ oynadığı vaxtda da yaşayıb. Buna “Neftçi” ilə “Bakı” ilə nail olan Ramin Quliyev həmin klublarla bürünc medal da qazanıb. İlk titulunu isə 20 yaşında “Şəfa"da qazanıb. Bu, xeyli vaxtdır tarixin yaddaşına köçən həmin klubun tarixində ilk və yeganə tituldur. Bir vaxtlar Azərbaycanın ən yaxşı sol cinah müdafiəçilərindən sayılan solaxay futbolçu kapitanlıq təcrübəsinə də malik olub. Ramin Quliyev millimizin şərəfini 2005-07-ci illərdə Şahin Diniyevin baş məşqçiliyi dövründə qoruyub və 17 oyunda meydana çıxıb.
Ramin, ad gününü təbrik edir, sənə can sağlığı, bundan da böyük uğurlar qazanmağı arzulayıram.
Yubileyin mübarək, Quliyev!
Mehman Suleymanov