"Qəbələ"nin yeni transferi Nika Kvekveskiri Gürcüstan mətbuatına müsahibə verib.
Newsport.az həmin müsahibəni diqqətinizə çatdırır:
- "Qəbələ"yə uyğunlaşma prosesi necə gedir?
- Mənə hələ bir qədər vaxt lazımdır. Amma "Qəbələ" yaxşı komandadır. Burada yüksək səviyyəli məşqçi və futbolçular cəmləşib. Mənim üçün əsas odur ki, "Qəbələ" iddialı klubdur.
- Avropa Liqasının birinci təsnifat mərhələsində Gürcüstan "Samtredia"sı ilə qarşılaşacaqsınız...
- Avropa Liqasının qrup mərhələsində oynamağı arzulayıram. Maraqlı görüş olacaq. Rəqibin baş məşqçisi Giya Tsetsadzeni yaxşı tanıyıram və onun oyun üslubuna hörmətlə yanaşıram. Tsetsadze hücum futbolunu sevir. Elə "Qəbələ" də hücum futbolu oynayır.
- Baş məşqçiniz səni hansı mövqedə oynadacaq?
- Komandanın iki taktiki sxemi var. Hansı mövqedə oynayacağım taktikadan asılı olacaq. Mənə ya rəqibin qarşısını yarımmüdafiədə kəsmək, ya da hücumameyilli oynamaq tapşırılacaq. Hər iki funksiyanı yerinə yetirməyə hazıram.
- Məlumdu ki, "Qəbələ"nin əsas heyətində tez-tez dəyişikliklər olur. İndi necə komandanın heyətində dəyişiklik baş verib?
- Yerli futbolçular qalıb. Qapıçı və müdafiə xəttində dəyişiklik baş verməyib. Hücum xəttində müəyyən dəyişiklik olub ki, bu da yeni futbolçuların hesabına baş verib. Bildiyim qədəri ilə yeni futbolçu axtarışı hələ də davam edir.
- Komandanın baş məşqçisi Roman Qriqorçuk haqda nə deyə bilərsən?
- Yaxşı insandı. Onun məşqçilik fəaliyyətindən danışmaq artıqdı. Bizə lazım olan hər şeyi xırda detalına qədər başa salır. Futbolçulara da yalnız meydana çıxıb, oynamaq qalır.