Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Türkiyə milli komandasının Fransada təşkil olunan Avropa çempionatındakı çıxışından danışıb.
Newsport.az-ın məlumatına görə, bir vaxtları Türkiyənin "Kaysersispor” komandasını çalışdıran 47 yaşlı mütəxəssis "ay-ulduzlular"dan belə zəif oyun gözləmədiyini açıqlayıb: "Təəssüf ki, çox zəif və hazırlığı aşağı səviyyədə olan Türkiyə gördüm. Qrupun ilk matçında Türkiyə Xorvatiya milli komandası ilə qarşılaşdı. Həmin oyunda Xorvatiya Türkiyədən qat-qat üstün oynadı. İspaniya ilə oyunda isə türklərdən heç bir mübarizə görmədim. İspanlar istəsəydi daha çox qol vura bilərdilər”.
"Real” və "Barselona” sabiq futbolçusu açıqlaması zamanı bildirib ki, Türkiyə milli komandası Avropa çempionatının seçmə mərhələsində indikindən daha yaxşı oyun sərgiləyib: "Səhv etmirəmsə Türkiyə millisinin 11 oyunluq məğlubiyyətsizlik seriyası var idi. Hazırda komanda daxilində baş verənləri anlamaq çətindi. Amma nələrinsə baş verdiyi dəqiqdi. Hamı Türkiyədən möhtəşəm çıxış gözləyirdi. Arda Turan və Hakan Çalhanoğlu bütün ümidləri puç etdi. Seçmə mərhələsində mübarizə aparan Türkiyə millisini Fransada görə bilmədim”.
Prosineçki Türkiyənin "D” qrupunun son turunda Çexiya ilə oyununun da çətin keçəcəyini vurğulayıb: "Komandada çox böyük dəyişikliklər edilməlidi. Əks təqdirdə çexlərə qarşı çox çətin olacaq. Türkiyə son oyununda 3 xalı qazana bilsə qrupdan çıxa bilər”.
Qeyd edək ki, Türkiyə millisi qrupda keçirdiyi ilk oyunda Xorvatiyaya (0-1), ikinci oyununda isə İspaniyaya (0-3) məğlub olmuşdu.