“Kəpəz” üçün 17 yaşlı tanış rəqib: “Daçiya” ikinci dəfə Bakıya gələcək

16 illik fasilədən sonra Avropa Liqasında təmsil edəcək "Kəpəz” ilk turda Moldova təmsilçisi "Daçiya” ilə qarşılaşacaq.
Newsport.az-ın məlumatına görə, Kişinyov təmsilçisinin cəmi 17 yaşı var. 1999-cu ildə yaradılan "Daçiya” debüt mövsümündə (2000/01) A divizionunda 4-cü yeri tutub. Növbəti mövsümdə A divizionunun qalibi olan komanda yüksək liqaya vəsiqə qazanıb. Elitadakı debüt mövsümündə 4-cü yeri tutaraq, "İntertoto” kubokuna vəsiqə əldə edən "sarı canavarlar” orda iki mərhələ adlayıb və yalnız Almaniya "Şalke”sinə məğlub olublar.

 
2002/2003 mövsümündən bəri hər il yüksək liqada iştirak edən "Daçiya”nın ən zəif nəticəsi 2005/2006 mövsümünə təsadüf edib ki, həmin mövsüm komanda çempionatı 6-cı pillədə başa vurub. Yeganə çempionluğunu 2010/2011 mövsümündə əldə edən moldovalılar 5 dəfə gümüş (2007/08, 2008/09, 2011/12, 2012/13, 2014/15), 1 dəfə isə (2004/05) bürünc mükafata layiq görülüblər.
 
Komanda 2011-ci ildə Moldova Superkubokunu qazanıb. Moldova Kubokunda 4 dəfə (2004/05, 2008/09, 2009/10, 2014/15) finala adlayan "Daçiya” bütün finallarda məğlubiyyət acısı yaşayıb. 
 
Kişinyov təmsilçisi avrokuboklar tarixində ikinci dəfə ölkəmizə səfər edəcək. 2003-cü ildə "İntertoto” kubokunda 2 mərhələ keçən komanda 2007-ci ildə həmin turnirin I mərhələsində "Bakı”ya rəqib olub. Hər iki matçda 1:1 hesabı qeydə alındığından, penaltilər seriyasına müraciət edilib. Penaltiləri daha dəqiq yerinə yetirən "Daçiya” "Bakı”dan sonra daha bir rəqibi üstələyib və III mərhələdə "Hamburq”a "ilişib”.
 
Cəmi 1 dəfə Çempionlar Liqasında iştirak hüququ qazanan "Daçiya” 2011/12 mövsümünün II mərhələsində "Zestafoni”yə boyun əyib. Bu komanda Avropa Liqasına isə 7 dəfə qatılıb. Kişinyov təmsilçisi ən yaxşı halda 1 mərhələ (4 dəfə) adlamağa müvəffəq olub. Ötən mövsüm Avroliqanın I mərhələsində "Renova”dan (Makedoniya) güclü olan (4:1, 1:0) "Daçiya” II mərhələdə Slovakiya "Julina”sına (1:2, 2:4) yenilib.

 
Komanda ev oyunlarını 10 min 500 tamaşaçı tutumuna malik "Zimbru” stadionunda keçirir.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right