"Premyer Liqaya yüksəlsək, bütün stadion dolar" MÜSAHİBƏ

Ötən yazıda "Əlincə" İdman Akademiyasının Masazırda olan bazasından və burda uşaqlara yaradılan şəraitdən yazmışdıq. Bu dəfə isə akademiyanın icraçı direktoru Ceyhun Abbasovla müsahibəni təqdim edirik.

Ceyhun bəy müsahibə zamanı komandanın əsas məqsədlərindən, gələcək planlarından söz açdı:

- Üç ildi "Əlincə"də çalışıram. Mənim ixtisasım sırf futbolla bağlıdı. Özüm Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm. Komandada işlərimiz qaydasında gedir. Bizim əsas məqsədimiz uşaq futbolunu inkişaf etdirməkdən ibarətdi. Klub 2010-cu il aprelin 5-də yaradılıb. Klubun tərkibində başqa idman növləri də var.

Hazırda bizdə 3-4 yaş qrupu fəaliyyət göstərir. Ən böyük yaş qrupumuz isə U-16 komandasıdı. Bu komanda növbəti mövsümdən U-17 liqasında iştirak edəcək. Bundan sonrakı ildə isə həmin komandayla birinci divizionda çıxış etməyi planlaşdırırıq. Əsas məqsədimiz isə inşallah, gələcəkdə Premyer Liqada iştirak etməkdi. Gələcəkdə ancaq öz oyunçularımızdan istifadə etməyi planlaşdırırıq. Yəni kənardan oyunçu dəvət etməyəcəyik. Bizim komandanın yaradılmasında da əsas məqsəd yerli futbolçuları yetişdirərək, Azərbaycan futboluna xidmət etməkdi.

- Komanda niyə məhz "Əlincə" adlandırılıb?
- Bizim sponsorumuz Hacı Məhərrəm müəllim Naxçıvanın Əlincə kəndindəndi. Həm də Əlincənin tarixi mənası da var. Bu qala tarixdə alınmaz qala kimi ad qoyub. Simvolik olaraq, komanda da məhz belə adlandırılıb.

- Komandanız Masazırı təmsil edir. Bu qəsəbədə insanların futbola münasibəti becədi. Maraq varmı?
- Bəli, maraq çoxdu. Burda "Əlincə"nin nəzdində təkcə futbol yox, güləş, boks, karate, üzgüçülük, qaydasız döyüş kimi idman növləri də fəaliyyət göstərir. Bu yaxınlarda gimnastika sahəsi də fəaliyyətə başlayacaq. Ümumiyyətlə, futbola maraq böyükdü. Bunu uşaqlarını futbola gətirən valideynlərdən də görmək olar. Valideynlər komandanın məşqlərini həmişə gəlib izləyirlər.

- Hazırda "Əlincə"də olan şərait digər qəsəbələrin heç birində yoxdu. Bu cəhətdən, "Əlincə" komandası digər qəsəbələr üçün mərkəz rolunu oynaya bilər...
- Bəli, biz bu istiqamətdə iş aparırıq. Bizim komandada hazırda təkcə Masazırdan yox, Bakıətrafı kənd və qəsəbələrdən də uşaqlar var. Xırdalandan, Novxanıdan, Binəqədidən gələn uşaqlar var. İnşallah, gələcəkdə bu istiqamətdə işimizi daha da genişləndirəcəyik.

- "Əlincə"nin 13 minlik stadionu var. Komanda bir neçə il sonra Premyer Liqada çıxış etməyi planlaşdırır. Sizcə, "Əlincə"nin oyunlarında bu stadionun heç olmasa yarısını doldurmaq mümkün olacaq?
- Əlbəttə. Premyer Liqaya yüksəlsək, düşünürəm ki, nəinki yarısı, elə bütün stadion dolar. Biz məhz bunun üçün çalışırıq.

Qısa müddətdə çox iş görmüşük. Bunda rəhbərliyin çox böyük əziyyəti olub. Artıq "Əlincə" Futbol Klubunun Azərbaycan futbolunda öz yeri var. Komandanın inkişafı üçün əlimizdən gələni edirik. İnfrastrukturla tanış olduz. Şəraitimiz çox yaxşıdı.

Bizim Antalyada, Şabranda da bazamız mövcuddu. Şabranda təbii və süni örtüklü meydançamız da var. Bundan əlavə, 7 mərtəbəli otelimiz, tennis və basketbol meydançaları da mövcuddu. Bu bazada digər komandalar da təlim-məşq toplanışı keçə bilərlər.

- Komandanın Antalyada da bazası var. Bu bazanı digər komandalara icarəyə verirsiz?
- Antalyada otel yaratmağımızın əsas səbəbi, yerli komandaya xidmət etməkdi. Otel artıq tam hazırdı. Meydança da yaxınlarda tam hazır olacaq. Bundan sonra komandamız Antalyaya yollananda öz otelimzidə qalıb, öz stadionumuzda məşq edəcək. Artıq bir dəfə orda olmuşuq. Şabranda da komanda bir dəfə təlim-məşq toplanışında olub.

Bu gün Azərbaycan Premyer Liqasında çıxış edən elə komandalar var ki, heç onların bu cür şəraiti yoxdu. Arzulayardım ki, digər komandalarda da belə yaxşı şərait olsun.

- Üç ildi komandadasız. Bu vaxt ərzində komandanın fəaliyyəti sizi razı salır?
- Bəli, razı salıb. Bu müddətdə komandada geriləmə olmayıb. Bir il əvvələdək bizdə gürcü mütəxəssislər çalışırdı. Sonra biz öz seçimimizi yerli mütəxəssislərin lehinə etdik. Rəhbərlik düşündü ki, niyə bizim azərbaycanlı məşqçilər çalışmasın? Artıq keçən ildən komandada azərbaycanlı məşqçilər çalışır. Ötən il bizim U-13 komandamız çempionatı birinci pillədə başa vurdu. U-16 komandamız isə ikinci oldu. Bir çox köklü klubları geridə qoyduq. Ümumi götürəndə, nəticə olaraq da komandanın çıxışından razıyıq.

- Sizcə, "Əlincə"də çatışmayan cəhət nədi?
- Hansısa futbol klubunda çatışmayan cəhət nə ola bilər? Bazası, topu, forması, avtobusu olmaz. Bizdə bu problemlərin heç biri yoxdu. Hazırda komandanın üç avtobusu var. Bazadakı şəraiti özünüz gördüz. Mütəxəssis cəhətdən də problemimiz yoxdu. Məşqçilərin işindən razıyıq. Azərbaycanda tanınmış, sayılıb-seçilən məşqçilərdi. Futbolçularımız da milli komandalara dəvət alırlar. Bu, uğurlu nəticədi. Komandada hansısa çatışmazlıq olduğunu düşünmürəm. Nəzərə alsaq ki, gənc klubuq, nəticələr bizi razı salır.

Hazırda digər klublarda U-19 liqasında oynayan yetirmələrimiz var. 4 nəfər "Zirə"də, 2 nəfər "Sumqayıt"da, 1 nəfər yetirməmiz isə "Xəzər Lənkəran"da top qovur. Bizim yetirməmiz olan Qara Qarayev İspaniyanın "Malaqa" klubuna yollanmışdı. Hazırda bir futbolçumuz - Tural Vəlizadə "Fənərbaxça"da çıxış edir. O, U-17 millisinə də dəvət alır. "Zirə"nin U-19 komandansında çıxış edən oyunçular isə Azərbaycan millisinin müvafiq yaş qrupuna dəvət alırlar.

Bütün bunları nəzərə alsaq, məncə, nəticələrimiz düşündüyümüzdən də yaxşı olub. Çatışmazlıq kimi yalnız klubun Premyer Liqada, birinci divizionda çıxış etməməsini göstərmək olar ki, o da gələcək planlarımıza daxildi.

- Komandaya oyunçular seleksiya xarakterli seçimlə edilir. Bununla bağlı elanlar da verilir. Elə uşaqlar var ki, bu cür seçimlərə qatılmaqdan çəkinirlər. Həmin uşaqlarla seleksiya işi aparılırmı? 
- Bəli, olub. Adi misal göstərim. Qara Qarayevi bizim rəhbərliyin özü Gürcüstandan gətirib. Müəllimlərimiz gedib aşağı yaş qruplarının, qəsəbə çempionatlarının oyunlarına baxır, istedadlı oyunçuları komandaya cəlb edirlər.

- Komandanın Şabranda, Antalyada təlim-məşq bazası var. Gələcəkdə bu cür təlim-məşq bazalarının Azərbaycanın başqa rayonlarında da yaradılması planlaşdırılır?
- Bəli, belə planımız var. Gələcəkdə Şəkidə də belə təlim-məşq bazası yaratmağı planlaşdırırıq. Bunun üçün orda ərazimiz də var. Meşənin arasında, səfalı bir yerdi. Bu bazanı yaratmaqla, yerli uşaqların da potensialından yararlanmaq olar. Ancaq bu, gələcəyin planıdı.

Komanda.az

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right