"Komandanın düşərgəsinə yenicə qoşulmuşam. İlk öncə onu deyə bilərəm ki, hər şey qaydasındadı. Hazırlığımızı yüksək səviyyədə davam etdiririk”.
Newsport.az-ın məlumatına görə, bu sözlər hazırda Türkiyənin Bolu şəhərində hazırlıq keçən "Neftçi”nin düşərgəsində olan monteneqrolu qapıçı Milan Miyatoviçə aiddir.
Saytımıza açıqlama verən 28 yaşlı qolkiper yaxın günlərdə komanda ilə münasibətlərini rəsmiləşdirəcəyini deyib: "Dediyim kimi, hazırda Boluda komandanın düşərgəsindəyəm. Yaxın günlər ərzində klubla rəsmi müqavilə imzalayacam”.
Qeyd edək ki, Monteneqro mətbuatı qapıçının "ağ qaralar”la 3 illik müqavilə imzalayacağını iddia edir.
Onu da nəzərinizə çatdıraq ki, Miyatoviçin 190 sm boyu və 87 kiloqram çəkisi var. Onun son klubu Monteneqronun "Bokel” klubu olub. Miyatoviç 2006-12-ci illərdə "Rudar”ın şərəfini qoruyub. 28 yaşlı qolkiper 2012-ci ildə legioner həyatı yaşamağa qərar verib və İrana üz tutub. O, İranda "Mes” və "Zob Ahan” kimi komandalarda forma geyinib. "Neftçi”nin yeni çərçivə qoruyucusu karyerası ərzində keçirdiyi 177 oyunda 7 sarı və 1 qırmızı vərəqə ilə yadda qalıb.