Azərbaycan milli komandasının sabiq üzvü Rasim Ramaldanovun "Sumqayıt”la müqaviləsi başa çatıb. Qış transfer dönəmində "Xəzər Lənkəran”ı "gənclik şəhəri” təmsilçisinə dəyişən futbolçunun komandadakı gələcək taleyinə aydınlıq gəlməyib. 30 yaşlı müdafiəçi növbəti mövsüm "Sumqayıt”da və ya digər komandada da çıxış edə bilər.
Newsport.az-ın məlumatına görə, bu barədə müdafiəçi özü məlumat verib: "Bildiyiniz kimi, "Sumqayıt”la müqaviləm başa çatıb. Hazırda "Sumqayıt”a aid futbolçu deyiləm. Bir qədər şəxsi işlərim var. İşlərimi yoluna qoyduqdan sonra gələcək karyeram barədə düşünəcəm. "Sumqayıt”la yanaşı digər təklifləri də gözdən keçirəcəm. Ölkəmizdən və Türkiyə klublarının birindən təklif almışam”.
Qeyd edək ki, Ramaldanov karyerası ərzində "Simurq” və "Xəzər Lənkəran” kimi komandalarda oynayıb.