AFFA İcraiyyə Komitəsi (İK) Həvəskarlar çempionatının iki oyununda baş vermiş neqativ hallara hüquqi qiymət verib.
Newsport.az-ın məlumatına görə, hətta bir komanda texniki məğlubiyyətlə üzləşib.
Belə ki, iyunun 5-də keçirilməli olan "Qobustan”– "Tufan” matçında qonaqlar ot örtüyünün yararsız olmasını bəhanə gətirərək meydançaya çıxmaqdan imtina edib. Baş hakim oyunu keçirmək üçün meydançanın vəziyyətinin əlverişli olduğunu qeyd edib. Buna qədər bir neçə yarışın oyunlarının keçirildiyini, eyni zamanda "Qobustan”ın bütün ev matçlarını bu stadionda keçirməsini nəzərə alan İK "Tufan” komandasına 0:3 hesablı texniki məğlubiyyət verib.
Həmin gün keçirilən "Qaraçuxur” – "Sabunçu” görüşünün 78-ci dəqiqəsində rəqibi təhqir etdiyi üçün meydandan qovulan ev sahiblərinin futbolçusu Əli Quliyev isə 3 oyunluq cəzala məruz qalıb. Həmçinin, qonaqların da bir oyunçusu cəzalandırılıb. Belə ki, 78-ci dəqiqədə aqressiv hərəkətə görə, birbaşa qırmızı vərəqə alan "Sabunçu”nun üzvü Adedevi Ademoca 4 oyunluq diskvalifikasiya ilə üzləşib.