Yovan Krneta növbəti mövsümdən "Zirə”nin heyətində çıxış etməyə bilər.
Newsport.az saytının əldə etdiyi məlumata görə, buna səbəb 24 yaşlı futbolçunun sərfəli təklif almasıdır. Əldə etdiyimiz məlumata görə, Serbiyanın 21 yaşadək futbolçularından ibarət milli komandasının sabiq üzvü xarici klubların birindən təklif alıb. Daha dəqiq desək Krneta Türkiyə Superliqasında çıxış edən klubların birinin diqqətini cəlb edib. Adını dəqiqləşdirə bilmədiyimiz klub "Partizan”ın yetirməsinin xidmətinda maraqlıdır. "Zirə”dən əvvəl Ukraynanın "Çernomorets” klubunda çıxış edən futbolçunun hansı qərar verəcəyi isə yaxın günlərdə bəlli olacaq.
Qeyd edək ki, Yovan mövsümün əvvəlində "Zirə” ilə "1+1” illik müqavilə imzalayıb. Mövsüm başa çatsa da, o, "Zirə” ilə yeni müqavilə haqqında hələlik razılıq əldə edə bilməyib.