"Xaqani Məmmədov işini çox sevən insandır. O, sənətini çox sevən insandır. Onun jurnalistlərlə danışıq qabiliyyəti zəif olduğu üçün, üstünə çox basqılar gəlir. İş keyfiyyətinə qaldıqda isə, onun yerinə ikinci bir şəxs görmürəm. İstər məndən incisinlər, istər inciməsinlər. Hakimlər Komitəsinin rəhbəri olmaq çox əziyyətli işdir. Mən Xaqani Məmmədovun hansısa komandaya qarşı simpatiyası oluğunu hiss etmirəm. Xaqani Məmmədov çalışdığı müddətdə bir neçə yaxşı hakim yetişdirib”.
Newsport.az-ın məlumatına görə, bu sözlər PFL-in prezidenti Ramin Musayevə məxsusdur. "Xəzər TV”də yayımlanan "Futbol Saatı” verilişinin qonağı olan Musayev Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun jurnalistlərlə dil tapa bilməməsinə də münasibət bildirib: "Xaqani Məmmədov təbiətcə qorxaq adamdır. Telefonu söndürür, jurnalistlər zəng edir və cavab vermir. Telefona cavab verməmək onda xəstəlikdir. Mən futbolu ondan yaxşı bilmirəm. Bəs niyə sevilirəm? Jurnalistlərə cavab verdiyimə görə. Ancaq Xaqani Məmmədovda qorxaqlıq var. O, buna görə jurnalistlərdə özünə qarşı nifrət yaradıb. Ancaq insanın davranışına yox, işinə hörmət etmək lazımdır”.