Azərbaycan milli komandasının qolkiperi Kamran Ağayevin yeni komandasının adına aydınlıq gəlib. Ötən mövsümün ilk yarısını Türkiyə PTT I Liqasında çıxış edən "Karşıyaka”da, ikinci yarısının isə Bakının "İnter” klubunda keçirən Ağayev karyerasını Azərbaycanda davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, Ağayev Bakının "Neftçi” klubu ilə ilkin razılıq əldə edib. Qolkiperə yaxın mənbədən saytımıza verilən məlumata görə, Ağayev "Neftçi” ilə danışıq aparıb və "ağ qaralar”ın heyətində oynamağa razılıq verib.
Artıq 30 yaşlı qolkiperin "ağ qaralar”la müqavilə imzalayacağı tarix də bəllidir. Hazırda milli komandamızla birgə Avstriyada təlim-məşq toplanışında olan Bakıya qayıtdıqdan sonra "ağ qaralar”la 1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Kamran Ağayev karyerası ərzində "Şəfa”, "Turan Tovuz”, "Xəzər Lənkəran”, "Bakı”, "Qəbələ”, "Kayserispor”, "Karşıyaka” və "İnter” klublarında forma geyinib.