Azərbaycan kubokunun final matçında "Qarabağ” və "Neftçi” komandaları üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma Ağdam təmsilçisinin 1-0 hesablı qələbəsi ilə başa çatıb.
Newsport.az-ın məlumatına görə, matçdan sonra "Qarabağ”ın kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
- Ardıcıl ikinci dəfə "qızıl dubl” etdiniz. Fikirlərin necədir?
- Çox xoş təəssüratlar var. Bəlkə də çempion olanda bu qədər sevinməmişdim. Çünki çempionatda istədiyin məqsədə çatmaq üçün çox uzun yol qət edirsən. Bundan əlavə rəqiblərimizlə aramızda xal fərqimiz çox idi. Bu dəfə final idi. Çox gərgin mübarizə getdi. Qələbə qazandığımız üçün çox sevincliyik. Əsl finala layiq oyun baş tutdu. Gərgin mübarizə getdi. Rəqib təslim olmaq istəmirdi. Biz çoxsaylı hücumlar qururduq və çoxsaylı qol epizodlarımız var idi. Aqil Məmmədov bu gün çox möhtəşəm oyun sərgilədi. Qırmızı vərəqələr və sarı vərəqələr çox oldu. Əsl derbiyə layiq oyun idi.
- Oyunun gedişi zamanı Almeyda yüngül xəsarət alaraq əvəzləndi. Onun yoxluğu komandaya necə təsir etdi?
- Davam elədik. Almeyda oynayanda da, hücum edirdik, o çıxdıqdan sonra da hücumlarımızı etdik. Çox şükürlər olsun ki, sonda qolu vurmağı bacardıq.
- "Qarabağ” çox ehtiyatlı oynayırdı. Bu, "Neftçi”nin son oyunlarda yaxşı futbol sərgiləməsindən irəli gəlirdi?
- "Nefçti” son dönəmlərdə çox yaxşı formada idi. Komanda Vəli Qasımovun gəlişindən sonra komanda yüksəlişə doğru gedir. "Neftçi”nin futbolçuları çox yaxşı formadadı. Həm də final ehtiyatımız var idi. 1 qol oyunun taleyini həll edə bilərdi ki, belə də oldu.