Budaq Nəsirov: “Şükürlər olsun ki, bu arzum həyata keçdi”

"Milliyə dəvət almağım sevindirici haldır. Açığı, dəvət alacağımı gözləmirdim.

Newsport.az-ın məlumatına görə, bu sözlər "Kəpəz”in futbolçusu Budaq Nəsirova məxsusdur. 
 
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin Avstriya toplanışına aparacağı  oyunçuların siyahısında gənc və perspektivli yarımmüdafiəçinin də adı var. 
 
İlk dəfə əsas milli komandamızın heyətinə cəlb olunan futbolçu sevincini gizlətməyib: "Çox sevinirəm ki, əsas milli komandamızın heyətinə cəlb olunmuşam. Düzdü, mən bu dəfəki toplanışa cəlb olunacağımı gözləmirdim. Şükürlər olsun ki, bu arzum həyata keçdi. Bundan sonrakı oyunlarımda da maksimum çalışıb, növbəti toplanışlarda da milli komandamızın düşərgəsinə dəvət alan futbolçular arasında olmağa çalışacağam”. 
 
Budaq Nəsirov milli komandamızın düşərgəsinə vaxtından əvvəl tərk edəcək. O, komanda yaldaşları Vüqar Mustafayev və Adil Nağıyevlə birgə əsas milli komandamızın düşərgəsini tərk edərək 21 yaşadək futbolçulardan ibarət milli komandamızın Sloveniyada təşkil olunan təlim-məşq toplanışına qatılacaq. Belə olan halda  Nəsirov əsas milli komandamızın bir yoxlama oyununda – Andorra ilə qarşılaşmada iştirak etmək hüququ qazanacaq. Budaq həmin qarşılaşmada şans qazanacağına inandığını bildirib: "Mənim üçün əsas olan əsas milli komandamızın toplanışına dəvət almağım idi. Andorra ilə qarşılaşmada meydanda olacağıma ümid edirəm. Bunun üçün keçirəcəyimiz məşqlərdə özümü yaxşı tərəfdən sübut etməliyəm”. 
 
Nəsirovun çıxış etdiyi "Kəpəz” komandası Azərbaycan Premyer Liqasında bürünc medallar uğrunda mübarizə aparır. "Kəpəz” sonuncu turda "Qəbələ” üzərində qələbə qazanıb, "İnter”in məğlubiyyətini gözləməlidi ki, bürünc medallara sahib çıxa bilsin. Həmin qarşılaşma haqqında fikirlərini bildirən gənc futbolçu həftəsonu vacib qarşılaşmaya çıxacaqlarını bildirib: "Bildiyimə görə, bürünc medal uğrunda mübarizə aparan komandaların görüşləri eyni saatda başlayacaq. Doğrudan da, biz həftəsonu çox vacib qarşılaşmaya çıxacağıq. Məqsədimiz bürünc medalları qazanmaqdır. Bunun üçün "Qəbələ” üzərində mütləq qələbə qazanmalı, "İnter”in "Zirə” ilə qarşılaşmada xal itirməsinə ümid etməliyik. İnanıram ki, sonda çempionatı mükafatçı kimi başa vuracağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right