Azərbaycan Premyer Liqasında bombardirlik sırasına başçılıq edən Nelson Bonilla mövsümü başa vurub.
Newsport.az-ın məlumatına görə, "Zirə”nin forvardı sonuncu turda "İnter”lə səfər qarşılaşmasında komandasına kömək edə bilməyəcək. Salvador millisinin mövsümü vaxtından əvvəl başa vurmasına hər hansı zədə alması səbəb deyil. Premyer Liqanın XXXV turunda "Kəpəz”lə ev qarşılamasında sarı vərəqə alan futbolçu cəzalı duruma düşüb. Bonilla mövsüm ərzində 8-ci "sarı”sını alıb.
Bonillanın mövsümü bitirməsi isə sonuncu turda bombardirlik sırasında liderin dəyişməsinə səbəb ola bilər. Bunun üçün hazırda Bonilla ilə eyni – 14 topu olan "Qarabağ”ın futbolçusu Dani Kintana AZAL-la qarşılaşmada fərqlənməlidi. Aktivində 13 qol olan millimizin və "Neftçi”nin hücumçusu Ruslan Qurbanov isə "Sumqayıt”la qarşılaşmada ən azından 2 qol vurub, Daninin fərqlənməməsinə ümid etməlidi.