Futbol üzrə Azərbaycan milli komandasının növbəti təlim-məşq toplanışının Avstriyada baş tutacağından xəbərdarsınız. Robert Prosineçkinin yetirmələri mayın 23-dən iyun ayının 4-dək Avstriyada toplanış keçəcək. Yığmamız təlim-məşq toplanışı çərçivəsində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Xorvat mütəxəssis Dünya çempionatının seçmə mərhələsi öncəsi millimizin gücünü Andorra, Makedoniya və Kanada milli komandaları ilə görüşdə müəyyən edəcək.
Newsport.az saytının məlumatına görə, milli komandamızın təlim-məşq toplanışında Məşqçilər Komitəsinin üzvləri də iştirak edəcək. Əldə etdiyimiz məlumata görə, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Avstriyada milli komandamızla birgə olacaq.
Bundan əlavə Məşqçilər Komitəsinin digər üzvləri də səfərlərdə olacaq. Həmin ərəfədə 21 yaşadək futbolçulardan ibarət milli komandamızın Sloveniya toplanışı olacaq ki, həmin toplanışda Ağasəlim Mircavadov iştirak edəcək. 19 yaşadək futbolçulardan ibarət milli komandamızın Makedoniyadakı toplanışında isə Şakir Qəribov qeydlərini aparacaq.
Məşqçilər Komitəsinin digər üzvü Böyükağa Hacıyev isə ölkə xaricinə yollanmayacaq. O, 16 yaşlılardan ibarət milli komandamızın Bakıda təşkil olunan təlim-məşq toplanışının iştirakçısı olacaq.