Rəşad Sadıqov: “Bu, Azərbaycanımıza lazımdısa, biz hər bir çətinliyə hazırıq”

"Qarabağ”ın və Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun Newsport.az-a müsahibəsi: 

 
- "Qəbələ”ni də məğlub etdiniz. "Qarabağ” niyə dayanmır?
- Bizim işimiz budu. Peşəkar futbolçularıq. Bildiyiniz kimi, rəhbərliyimiz və məşqçilər korpusumuz ciddi insanlardan təşkil olunub. Onlar bizdən də ciddilik tələb edirlər. Biz də işimizə ciddi yanaşırıq. Meydançaya  çıxıb özü işimizi görməyə çalışırıq. İstəyirik ki, arxayınçılıq olmasın, özümüzü böyük-böyük aparmaqyaq. Çünki böyük bir iş görməmişik. Biz işimizi yerinə yetiririk. Çox xoşdur ki, bütün komanda bunu çox yaxşı dərk edir. Bizi qarşıda kubok oyunu gözləyir. 2 aydan sonra Çempionlar Liqasında mübarizəyə başlayacağıq. Ona görə də, bu dəqiqə rahatlaşmağın, boşalmağın heç bir mənası yoxdur. Düzü, buna vaxtımız da yoxdu. Çalışırıq ki, komanda şəkilində işimizi ciddi görək. 
 
- Mövsüm boyu ağır oyunlar keçirdiniz. Çempionlar Liqasında yenə ağır oyunlara çıxacaqsınız və çempionluğu da təmin etmisiniz. Qarşıdakı ağır oyunları nəzərə alaraq, istirahtə ehtiyacınız olduğunu düşünmürsünüz?
- Bu məşqçilərimizin proqramıdır. Onlar komanda ilə danışanda da bildirdilər ki, bəzi futbolçular bəzi oyunlarda istirahət edəcək. Kimə istirahət verilməyindən asılı olmayaraq, öz oyunumuzu qoruyub saxlamağa çalışırıq. Oyunu tapmaq çətindi, amma onu itirmək bir anda baş verə biləcək bir şeydir.  Oyunu itirdikdən sonra psixoloji gərginliyə düşürsən və istədiyin kimi oynaya bilmirsən. Biz çalışırıq ki, maksimum öz işimizi görək. 
 
- "Qəbələ”nin oyunu barədə nə düşünürsən? Meydanda sanki "Qəbələ” adlı komanda yox idi...
- "Qəbələ” ardıcıl oyunlar oynamışdı. Bilirdik ki, heyət baxımından çox itkiləri var. Bundan əlavə komanda yorğun idi. Ağır oyunlarını nəzərə alıb, onlarda müəyyən qədər yorğunluq olduğunu bilirdik. Bizim kubok oyunundan sonra istirahətə vaxtımız var idi və həmin vaxt gücümüzü bərpa etmişdik. Fikirləşirəm ki, bizim "Qəbələ” qarşısında rahat oynamağımızın səbəbləri yuxarıda sadaladıqlarım idi. 
 
- Kubokun finalı barədə nə deyə bilərsən?
- Vaxtımız var və hazırlaşırıq. "Neftçi” ilə keçirdiyimiz oyunlara həmişə maraqlı olub. Bu komandalar arasındakı oyunlarda heç vaxt favorit olmayıb. Finalda da şansların bərabər olacağını düşünürəm. Bizi çox gərgin oyun gözləyir. "Neftçi”nin heyətində sürətli oyunçular kifayət qədərdi.  Hiss olunur ki, Vəli Qasımovun gəlişindən sonra komandada özünəinam yaranıb. Əvvəlkindən daha yaxşı oynayırlar. Finalda bizi gərgin oyun gözləyir.
 
- Finalın Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsinə münasibətin necədir? Ən azından sizin üçün doğma meydandır...
- Doğma da olsa, 1 ilə yaxındır ki, orda çıxış etmirik. Ot örtüyünün hansı vəziyyətdə olmasından xəbərsizəm. Mənim ən çox narahat edən qazonun səviyyəsidi. Çünki təzə ot örtüyü çox yumşaq olur, sürüşürsən, oynaya bilmirsən. Hər iki komanda üçün doğma olan meydanda oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, hər şeyin ən yaxşısını edək. Qarşıda Çempionlar Liqası oyunlarını da həmin arenada keçirəcəyik.  Kubokun finalının Respublika stadionunda keçirilməsi bizim üçün üstünlük sayıla bilər. 
 
- Avropa çempionatı ilə əlaqədar olaraq oyunlarınızın "Əlincə Arena”da keçirilməsi sizə çətinlik yaratmır?
- Xeyr. Bu, Azərbaycanımıza lazımdısa, biz hər bir çətinliyə hazırıq. Lap gedib rayonda da oynaya bilərik ki, Avropa çempionatı yüksək səviyyədə keçirilsin.  Necə ki, keçirilir. Millimizi təbrik etmək istəyirəm. İlk oyundakı məğlubiyyətdən sonra  inanırdım ki, ikinci və üçüncü oyunda yaxşı çıxış edəcəklər. Qrupdan çıxa bilmədiyimiz üçün heyfslənirəm. Belçika ilə oyunda son dəqiqələrdə qələbə qoyunu vura bilərdilər. Yaxşı uşaqlarımız və yaxşı məşqçilər heyətimiz var. Təbriz müəllimin ilk oyundan sonra yükü öz üzərinə götürməyi sonrakı oyunlarda öz effektini verdi. Çox seindirici haldı ki, belə gənc futbolçularımız və məşqçilərimiz yetişir. Gələcəyə ümidliyik. 
 
- AFFA prezidenti Rövnəq Abdullayev bildirib ki, gənc futbolçularımızı 2020-ci il Avropa çempioinatına hazırlaşdırmaq lazımdı.  Gənclərimizin sizi əvəz edə biləcəyini düşünürsən? 
- Biz özümüz böyük futbolçu deyilik ki, bizi hər hasnı xüsusi futbolçular əvəz eləsin. Mən inanıram ki, o uşaqlar bizdən yaxşı olacaqlar. İçərilərində çox istedadlı futbolçular var. Çox heyfslənirəm ki, ilk oyunda Portuqaliya ilə mübarizə apardıq və ilk qollardan sonra uşaqlarda psixoloji gərginlik yarandı. Əgər ilk oyunda Şotlandiya və ya Belçika ilə oynasaydıq qrupdan çıxmaq şansımız var idi. 
 
- Əsas millinin kapitanı kimi, 17 yaşadək futbolçulardan ibarət millimizin heyətində kimi fərqləndirə bilərsən?
- Fərid Nəbiyevin oyunu çox xoşuma gəlir. Barış Ekinciyer də yaxşı futbolçudur. 
 
- Qarşıda millimizin təlim-məşq toplanışı gəlir...
- Bəli, hazırlaşacağıq. Bizi bir neçə yoxlama oyunu gözləyir. Bilirsiniz ki, seçmə mərhələyə çox vaxt qalmayıb. Kimsə fikirləşə bilər ki, dörd ay qalıb. Amma bu dörd ay göz qırpımında keçəcək.  Bilirik ki, toplanış çərçivəsində son yoxlama oyunlarımızı keçirəıcəyik. Daha sonra yoxlama oyunlarımız olmayacaq və birbaşa San Marino ilə oyuna çıxacağıq. 
 
- Klub Prezidenti Tahir Gözəl bildirdi ki, "Qarabağ”ın Çempionlar Liqasında daha yaxşı mübarizə aparması üçün Avstriya toplanışında güclü rəqiblərlə qarşılaşmaq istəyirik. Bunun müsbət tərəfləri varmı?
- Bunlar sırf məşqçilərimizə aid olan məsələdir. Proqram bəlli deyil. Güclü komandalarla oynamağın xeyri və ziyanı da ola bilər. Güclü komandalar istədiyin oyunu qurmağa şərait yaratmır. Bəzən komandalara toplanış zamanı zəif komandalarla qarşılaşdıqdan sonra, güclü komandalara qarşı oynayırlar. İlk öncə zəif komandalarla oynamaq öz oyununu qurmaq deməkdir. Bundan sonra güclü komandalar önünə daha ciddi çıxa bilirsən. Amma bizim çox az vaxtımız var. Çalışacağıq ki, Avstriya toplanışından maksimum yararlanaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right