Əlimdə olsa, o stadionda oynamağa icazə verməzdim

Bakıda təşkil edilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının qrup mərhələsinin son oyununda Şotlandiyaya qalib gələn (1:0) Azərbaycan millisinin baş məşqçisi Təbriz Həsənov matçla bağlı fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, Həsənov oyundan sonra bunları deyib:

- Oyun bizim üstünlüyümüzlə keçdi. Qalib gəldiyimizə görə sevinirəm. Təəssüf ki, qrupdan çıxa bilmədik. Uşaqlara təşəkkür edirəm. Onlar bu gün mübarizə apardılar. İlk oyundakı böyük hesablı məğlubiyyətdən sonra toparlana bildilər.

- Bu gün Murad Popov start heyətində meydana çıxmışdı. Əvvəllər "18"-liyə düşməyən qapıçı necə oldu əsas heyətdə meydana çıxdı? 
- Bizdə üç qapıçı var. İtaliyadakı kimi bir neçə eyni səviyyəli qapıçımız yoxdu. Bizim üç qapıçımız var ki, üçü də eyni səviyyədədi. Popov “18-liy”ə düşməsə də, sonradan məşqlərdə yaxşı təsir bağışladı. Əsas qapıçımız zədə aldığınıdan, Popovu heyətə daxil etdik. Bu gün yaxşı oyun nümayiş etdirdi.

- Gələcəkdə U-17-nin baş məşqçisi kimi qalsaz, uşaq futbolundakı problemləri nəzərdə saxlayacaqsız? 
- Hamınız oyunlara baxırsız. Bu gün Şotlandiya millisinin oyunçularının sürətini gördüz yəqin. Onlarda məktəb var. Bizim oyunçulardan Murad Almaniyada çıxış edir.Onun sürəti göz qabağındadı. Məncə, uşaq futbolunda sürət cəhətdən problem var.

- İlk oyunda Olimpiya stadionunda böyük hesabla uduzduz. Bundan sonrakı iki oyunu isə bu stadionda keçirdiz və uduzmadız. İlk oyunu Olimpiya stadionunda keçirdiyinizə görə peşman deyilsiz ki? 
- Mənim əlimdə olsa, o stadionda oynamağa icazə verməzdim. Keçən oyunda Murad Mahmudovun epizodu qol olsaydı, indi bəlkə də biz gələn oyunlara hazırlaşırdıq.

- Keçən oyunda demişdiz ki, komandada oyun praktikası çatışmır... 
- Mənim U-17-lərlə işim burda bitir. Şotlandiya və Belçika bura birbaşa gəlməyiblər. Onlar seçmə mərhələdə qalib gəliblər. Bizim oyunçular da gələcəkdə öz üzərlərində işləyərək, artıra bilərlər.

- Milliləşmiş oyunçulardan bəziləri ehtiyatda qaldı. Doğukan Öksüzü də tez əvəzlədiz. Demək olar ki, milliləşmiş oyunçular özünü doğrultmadı? 
- Doğukan bu gün zəif oynadı. Ancaq onlar bir neçə ildi bizim komandadadılar. Mənim ən narazı qaldığım mövqe hücum xəttidi. O ki qaldı yeni gələnlərə, bizim müdafiəçilər zədəli idi. Buna görə yeni oyunçular cəlb etməli idik. Seyligil pis təsir bağışlamadı. Doğukan özünü yaxşı göstərə bilmədi. Təəssüflənsəm də, təəssüflənməsəm də, olanımız budu.

- Turnirdən öncə millimizin ikinci pillədən cəmi bir xal geri qalacağını gözləyirdiz? 
- Mən komandama inanırdım. Portuqaliyanın güclü olduğunu bilirdim. 4 xal topladıq, ancaq qrupdan çıxa bilmədik. Burda qalan komandalar deyirlər ki, heç yerdə belə Avropa çempionatı görməyiblər. Məsələn, keçən il Bolqarıstanda təşkil edilən yarışda stadionların vəziyyətindən narazılıq edirdilər. Gələcəkdə burdan çıxan oyunçularla fəxr edəcəyik ki, onlar nə vaxtsa, ölkəmizdəki Avropa çempionatında çıxış ediblər. Bu, Azərbaycan futbolunun inkişafı üçün gərəkli turnir idi.

- Hakimlikdən razı qaldız? 
- Keçən oyunda bizim təmiz penalti verilmədi. Ancaq sonradan gördüm ki, digər oyunlarda da səhvlər olub. Hakimlər də cavandı. Onların bu cür səhvlər etməsi normaldı.

- Murad Mahmudovla "Bavariya"nın maraqlandığı deyilir... 
- Bildiyim qədəriylə onlar bizim texniki direktor Bernard Lippertlə əlaqə saxlayıblar. Bu barədə mən də eşitmişəm.

- U-17 ilə müqavilə müddətiniz bu il bitir. Millidə işinizi davam etdirəcəksiz? 
- Gələn il U-17-ni U-16 əvəz edəcək. Yəqin ki, komandanı da həmin məşqçi çalışdıracaq.

- Rövnəq Abdullayev oyundan sonra paltardəyişmə otağına gəldi. Oyunçulara nə dedi? 
- O, ilk oyundakı nəticənin təsadüf olduğunu dedi. Həmçinin millinin bugünkü oyunundan razı qaldığını bildirdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right