Çox düşünürdüm, əcaba bizim azarkeşlərə nə lazımdı ki, stadionlara gəlib komandalarına dəstək olsunlar. Sırf bu sualıma cavabı qismən də olsa Qəbələdə tapdım. Ölkənin şimal-qərb zonasının ən layiqli və uğurlu təmsilçisi niyə ev oyunlarını az qala boş tribunalar önündə keçirir?
Məlum məsələdi ki, futbolumuzda problemləri saymaqla qurtarmaz. Stadionlara azarkeşlərin gəlməməsi də bəlalı problemimizdi.
Səbəblərini şəhər camaatı ilə sorğu edərək öyrənməyə çalışdıq və... Nəticəsini isə oxuyun və agah olun.
Avropa Liqasının qrup mərhələsi və "mükafatı"
Mövsümün əvvəlinə təsadüf edirdi "Qəbələ"nin Avropa Liqasında bir-bir rəqiblərini sıradan çıxarıb qrup mərhələsinə addımlaması. Təsəvvür edirsizmi, öz meydanında nəinki uduzmayan, heç top buraxmayan bir komanda var idi qarşınızda. Heç onda da stadion tam dolmurdu. "Bakcell Arena"da ev sahibi qismində oyunlarına çıxan "Qəbələ"ni ən yaxşı halda 5-6 min azarkeş dəstəkləyirdi.
Bu biganəlik komandanın doğma şəhərində də hiss olunurdu. "Panatinaikos"la ilk matçdan sonra (0:0) "Kəpəz"lə Qəbələdə baş tutan matçı cəmi 900 azarkeş izləmişdi.
Məhz bu biganəliyin səbəbini şəhər sakinləri arasında sorğu edərək öyrənməyə çalışdım. Səbələr isə müxtəlif idi.
Qəbələnin Zarağan kəndinin sakini Səmədzadə Röyal:
"Əslində "Qəbələ"nin bir neçə oyununa getmişəm. İndi də bəzi oyunlarına baxıram. Özüm əsəb xəstəsiyəm. Bəzi oyunlarda komandanın futbolçuları zəif oynayanda, topu qapıya düz vurmayanda, meydanda gəzəndə əsəbləşirəm. Adətən mövsümün əvvəlində "Qəbələ"nin oyunlarına baxıram. Bir-iki oyun izləyirəm və baxıram ki, əgər komanda da yaxşı futbolçu varsa, klub oynaya bilirsə o zaman gedirəm stadiona. Yoxsa zəif oynayırlarsa, getmirəm. Əsəbləşmək olmaz mənə. Buna görə də çox oyunlara getmirəm.
Hacıəli kənd sakini Sultanov Tahir:
"Oyunlara getmirəm. Çünki çox vaxt işdə oluram. Oyun 4-də başlayır mən necə işimi atım stadiona gedim? Açığı komanda da son vaxtlar pis oynayır. Gəlin açıq danışaq. İndi camaatın vəziyyəti də yaxşı deyil. Mən stadionda itirəcəyim 2 saat vaxtıma ən azı 3-4 manat qazana bilərəm. İndi durum bunu tələb edir. Bəzən görürsən oyunlara giriş pullu olur. Mən ora verəcəyim pula hansısa bir problemimi də həll edə bilərəm. Oyunlara çox getmişəm. Ancaq indi nə vaxt, nə də imkan yoxdu".
Bəhrəmov Elnur, Qəbələ sakini:
: 
"Oyunlara bacardığım qədər gedirəm. Düzdü, bütün oyunlara baxmaq şansım olmur. Lakin iş vaxtı ilə üst-üstə düşmədikdə komandamıza dəstək verirəm. Digər azarkeşlərin stadiona niyə getmədiklərini deyə bilmərəm. Hər halda onların yerinə cavab verməyim düz çıxmaz”.
Gördüyünüz kimi bu soğruda iştirak edən 104 nəfərdən yalnız bir neçəsinin fikrini sizə çatdırdıq. Ümumi fikir isə imkansızlıq, vaxt və s. göstərilir.
Klubun "Tufan" fan-qrupunun rəhbəri Valeh Tahirov azarkeşləri stadiona cəlb etmək üçün bir neçə plan üzərində işlədiklərini deyib:

"Stadiona azarkeşlərin az gəlməsinin başlıca səbəbi hava şəraiti və vaxtdı. Bəzən oyun saatları iş vaxtı ilə üst-üstə düşür. Bu isə azarkeşin işdən çıxıb oyuna gəlməsini əngəlləyir. Həm də hakimlərin "Qəbələ"yə qarşı etdiklərini hər kəs sözəl bilir. Azarkeşlər artıq bezib.
Qəbələdə futbol sevilir. Sadəcə vaxt və hava şəraitinə görə, bəzən oyunlara gələ bilmirlər. Ən ucqar kəndlərə gedirik, orada məktəblilərə hədiyyələr veririk ki, uşaqların oyunlara marağı artsın. İndi vəziyyət elədir ki, klub rəhbərliyi ən ucqar kənddə yaşayanlar üçün belə avtobuslar ayırır ki, təki oyunlara gəlib baxa bilsinlər. Yeni mövsümdən daha fərqli "Qəbələ" azarkeşi görəcəksiniz. Bu mövsümdəki kimi az olmayacağıq. Stadionumuzda xeyli fanat görə bilərsiniz. Bunun üçün işlər edir və rəhbərliklə birgə əl-ələ verib bu planlar üzərində işləyirik".
“Qəbələ”nin digər azarkeş qrupu - “Red Black Army”nin rəhbəri Cavad Şərifli isə azarkeşlərin belə soyuq münasibətinin əsas səbəblərini açıqladı:
“Əslində bizim stadionun tam dolmamasının bir çox səbəbi var. Bunlardan biri buranın sakinlərinin dağlıq ərazidə yerləşməsidi. Yəni mən elə adamlar tanıyıram ki, oyuna gəlmək istəyirlər, ancaq həmin kəndən yalnız yük maşınları və bir də bəzi xırda maşnlar gedib-gəlir. Çətindi onlar üçün də bu qəliz yolu gedib-gəlmək. AFFA-nən klubumuza tutduğu mövqe də bunda az rol oynamır. Təsəvür edin, biz hakim səhvlərindən nə qədər vacib xallar itirdik, kubokdan olduq. Azarkeşlər də artıq mövcud vəziyyətədən bezib. Çoxdu səbəblər sadaladıqca bitməz. Ancaq ən sadiq azarkeşlər komandnaın yanındadı. Yeni mövsümlə bağlı planlarımız var. Tam fərqli olacaq hər şey”.
Məsələylə bağlı klubun da mövqeyini öyrəndik. "Qəbələ"nin azarkeşlər tərəfindən ən çox sevilən rəsmisi, Media və Marketinq üzrə baş meneceri Səməd Nəsibova iki sualla müraciət etdik:
1) Avropa Liqasının qrup mərhələsində çıxış edən, hər mövsüm üst pillələrdə qərarlaşan komandanın daxili arenadakı ev oyunlarını stadiondan niyə az sayda azarkeş izləyir?
Əslində bugün futbolu və eləcədə də futboldakı azarkeş problemini tək başına dəyərləndirməmək lazımdır. Əvvəlcə ümumi mənzərəyə nəzər yetirmək vacibdir. Elə bir dövrdə yaşayırıq ki, dünyanın istənilən nöqtəsində bir düyməyə toxunmaqla, məsələn, “Barselona” – “Real Madrid” matçına baxmaq mümkündür. Bunun müqabilində sizin azarkeşə təqdim etdiyiniz “məhsul”, yəni Azərbaycan çempionatı oyunları “El klassiko” ilə rəqabət edə bilməlidi. Əgər hər hansı bir formada bu rəqabəti yüksəldə bilməsəniz boş tribuna problemi daim sizi müşayiət edəcək. Bu təkcə “Qəbələ”nin və ölkəmizin digər klublarının deyil, oxşar vəziyyətdəki bir çox ölkənin problemidir. Bu dediklərimin fonunda sualınıza qayıtsaq, xatirinizdədirsə, bizim Avroliqadakı bütün oyunlarımız istər Qəbələdə, istərsə də Bakıda olsun, dolu tribunalar qarşısında keçirildi. Eləcə də bu mövsüm Qəbələdə “Qarabağ”, “Neftçi” və “Zirə” ilə oyunlarımızda tribunalar dolu idi. Yəni yaxşı məhsul təklif edəndə azarkeş mütləq ona cavab verir.
2) Azarkeşləri stadiona cəlb etmək üçün hansı addımlar atılır və bu problemlərdən çıxış yolu?
Birinci sualınızın cavabında ifadə etdiyim kimi, elə dövrdə yaşayırıq ki, azarkeş uğrunda rəqabətin əsas hissəsini dünyanın top komandaları ilə aparırıq. Belə bir şəraitdə bizim kimi klubların mübarizəyə davamlı olmaq və yaşamaq strategiyası olmalıdır. Konkret “Qəbələ”nin strategiyası nədir? Hansı addımlar atılır ? Bizim strategiyamızı bir cümlə ilə ifadə edin desəydiniz : “Azarkeş sizə gəlmirsə, siz azarkəşə gedin” ən uyğun cümlə olardı. Bu çərçivədə əsas fəaliyyət sahəmiz məktəblər və məktəblilərdir. Çünkü gələcəyin azakeşləri onlardır. Hər mövsüm məktəblilərə hesablanmış aksiyalarımız olub və cari mövsümdə fəaliyyətimiz daha da genişləndirildi. Qəbələdəki 68 məktəbin hamısı bir bir ziyarət edilərək onlara “Qəbələ” loqolarının əks olunduğu müxtəlif məktəb ləvazimatlarından ibarət dəst paylanıldı. Hər ev oyununda bir neçə məktəbin şagirdləri avtobuslarla oyunlara gətirildi. Məqsəd uşaqları futbolla tanış edib onların xoş təəsuratla stadiondan ayrılmasını təmin etməkdi. Çünkü əgər futbol sizin həyatınıza uşaq vaxtı giribsə, bir daha qətiyyən çıxmayacaq deməkdir. Qəbələdəki 17 min şagirdlə hər mövsüm aparılan işlər mütləq öz bəhrəsini verəcək. Ancaq bu fəaliyyətlərin nəticəsini görmək üçün bir neçə il gözləmək lazımdır. Bundan başqa rayonun futbol veteranları, ağsaqqalları və ziyalıları ilə mütəmadi görüşlərimiz olur. Önümüzdəki mövsümdə rayonun veteran və ağsaqallarının cəmləşdiyi “Azarkeş Klubu” adı altında bir strukturun qurulması da gündəmdi”.
Gördüyünüz kimi, turizm şəhəri kimi tanınan Qəbələdə sakinlərin futbol sevgisi az olmasa da, yetərincə deyil. İstər klub, istər azarkeşlər, istərsə də biz bu yöndə çəkici eyni hədəfə vursaq istədiyimiz nəticəni qazanacağımıza əminəm.
"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".
İdmanxeber.com