Bu gün 17 yaşadək futbolçular arasında Bakıda keçirilən Avropa çempionatında Azərbaycan milli komandası növbəti oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, yığma komandamız Belçika millisi ilə 1-1 hesablı bərabərlik əldə edib. Oyundan sonra keçirilən mətbuat konfransında Belçika milli komandasının baş məşqçisi Tyerri Sike fikirlərini bildirib:
- Futbolçularınız oyundan sonra diz çökmüşdü. Bu nə ilə bağlı idi?
- Oyunçular hesabdan məyus idilər. Çox şanslarımız olsa da, yararlana bilmədik. Ancaq Azərbaycanın cəmi iki qol vəziyyəti olsa da, bunlardan birindən yararlanmağı bacardılar.
- Rəqib komandanın oyununu necə dəyərləndirirsiniz?
- Azərbaycan millisi yaxşı komandadı. İlk oyunda 5-0 hesabıyla məğlub olsalar da, bu gün çox yaxşı təsir bağışladılar. Azərbaycan millisi bizə çətin anlar yaşatdı. Hesabdan razı qalmadım.
- Azərbaycandan belə oyun gözləyirdinizmi?
-Biz Azərbaycanda, Azərbaycana qarşı oynayırıq. Hesada önə keçmək üçün şanslarımız var idi. Rəqibdən belə oyun gözləyirdik.
- Millimiz ilk oyunda böyük hesabla məğlub olduğundan, futbolçularınız bu oyuna arxayın çıxmamışdı ki?
- Mən hər zaman futbolçularıma diqqətli olmağı tapşırıram. Düşünmürəm ki, oyuna arxayın çıxmışdıq. Baxmayaraq ki, oyun 1-1 hesabı ilə nəticələndi, hesab 2-0, 3-0 bizim xeyrimizə başa çata bilərdi.
- Millimizin heyətində kimi fərqləndirə bilərsiniz?
- Azərbaycanın heyətində Fərid Nəbiyev, Barış Ekincier və komandanın kapitanı Elçin Əsədov yaxşı təsir bağışladı.