Azərbaycan Premyer Liqasının XXXIII turunda "Qarabağ” "Sumqayıt”ı 1-0 hesabı ilə məğlub edib. Matçdan sonra Ağdam klubunun müdafiəçisi Maksim Medvedev Newsport.az-ın suallarını cavablandırıb:
- Oyun haqda hansı fikirdəsən?
- Çempion olmağımıza baxmayaraq, oyuna həmişəki qaydada hazırlaşmışdıq. Oyun ritmimizi saxlamalıyıq. Çünki, gələcəkdə kubokda final oynayacağıq və bütün futbolçular formada olmalıdırlar. Düşünürəm ki, bu gün pis təsir bağışlamadıq.
- Çempion olduqdan sonra oyuna köklənmək çətinlik yaratmır?
- Əlbəttə ki, müəyyən qədər çətin olur. Oyun zamanı bəzi boşluqlar olurdu. O da ola bilsin ki, qoldan sonra gəldi. Ümumi baxdıqda, rəqib də bizə çox təhlükə yaratmırdı.
- Bu günkü oyun ən rahat oyununuz oldu demək olarmı? Çünki üzərinizdə heç bir təzyiq yox idi...
- Əksinə, 3 gün bundan öncə "Əlincə Arena”da kubok oyunu oynamışdıq. Bəzi oyunçular 90 dəqiqə oynamışdı. Müəyyən qədər yorğunçuluq var idi. Bu gün həm də süni meydanda oynadıq və bu ikitərəfli ağırlıq deməkdir. 4 gündən sonra daha bir oyunumuz var. Ona görə də futbolçularda müəyyən qədər yorğunluq hiss olunur.
- Çempionatda məqsədinizə çatmısınız. Olmaz ki, baş məşqçiniz bəzi oyunçulara istirahət versin...
- Baş məşqçimiz istirahət verir. Hansı futbolçuda əzələ ağrısı oldusa, baş məşqçimiz onu ehtiyatda saxlayır. Çünki futbolçularımızın zədələnməsindən ehtiyatlanırıq. Qarşıda kubokun finalı və Çempionlar Liqası oyunları var. Ona görə də ehtiyatlı olmaq lazımdır.
- Kubokun finalında "Neftçi” ilə qarşılaşacaqsınız. "Neftçi” "Qarabağ”ın arzuladığı rəqibdimi?
- "Qarabağ”a finala kimin çıxdığının fərqi yoxdur. "Qarabağ” öz oyununu nümayiş etdirəcək və çalışacaq ki, finalda da qalib gəlsin. Çünki finala çıxmaq üçün böyük yoldan keçmişik. Yarımfinalda "Qəbələ” və "Neftçi” komandaları var idi. Onların hər ikisi fərqli komandadı və onlara qarşı oynamaq çətindi. Finalda maraqlı oyun olacaq.
- Belə bir söhbət yayılıb ki, "Qarabağ” finalda "Neftçi”yə güzəştə gedəcək...
- Elə bir söhbət yoxdur. Ola bilsin ki, kənardan belə söz-söhbət ortaya atırlar ki, maraqsız olsun. Biz mövsümü "qızıl dubl”la başa vurmaq istəyirik. "Neftçi” də öz imicinə görə kuboku qazanmaq istəyir. Düşünürəm ki, meydanda qızğın mübarizə gedəcək.