"Qarabağ”ın albaniyalı futbolçusu Ansi Aqolli Newsport.az-a müsahibə verib. Müdafiəçi komandasının çempionluğu barədə danışıb:
- "Zirə” ilə qarşılaşma haqqında fikirləriniz necədir?
- Düşünürəm ki, "Zirə” bizə qarşı yaxşı mübarizə apardı. Rəqibin qol vurmaq üçün çoxsaylı şansları oldu. Amma biz onlara fərqlənmək üçün şərait yaratmadıq. Meydana qələbə üçün çıxmışdıq və lazım olan nəticəni qazandıq.
- Zirədəki qələbə sizi vaxtından əvvəl çempion etdi...
- Həqiqətən də çempionluq gözəl hissdir. Amma bizim qarşıda oyunlarımız və vacib matçlarımız var. "Qarabağ” işini tam başa vurmayıb. Son oyunlara kimi mübarizə aparacağıq.
- Bu ilki çempionluğun ötən ilkindən asan başa gəldiyini düşünmək olar?
- Xeyr, belə düşünmürəm. Düzdü, Premyer Liqada mübarizə aparan bir neçə komanda maliyyə problemi ilə üzləşdi. Amma bu, onların meydana çıxıb futbol oynamamasına səbəb olmadı. Əksinə, həmin komandalar əzmkar mübarizə apardılar. Xüsusilə "Qarabağ”a qarşıistənilən komanda yüksək motivasiya ilə hazırlaşır və meydana istəkli çıxır.
- Çempionatımızın səviyyəsində eniş hiss etmirsiniz?
- Mənim fikrimcə, hər zaman olduğu kimi, bu il də Azərbaycan Premyer Liqası yüksək səviyyədə keçdi. Belə bir çempionatda qalib olduğumuz üçün çox xoşbəxtəm. Qalib olmaq üçün çox çətin yol keçmişik. Amma bu, bizim işimizdir. Əsas odur ki, qarşıda qoyduğumuz məqsədə çata bilmişik.
- Hər kəs "Qarabağ”dan çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağı gözləyir. Sənin fikrincə, bunu bacarmaq mümkün olacaq?
- Bu barədə indidən nəsə fikir bildirmək düzgün olmaz. Amma biz əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Avrokuboklarda meydana çıxdığımız hər oyunda yaxşı nəticə qazanmağa çalışacağıq. Əsas odur ki, Avropada "Qarabağ” adına yaxşı oyun sərgiləyək. Qarşıda vaxtımız var. Biz gedəcəyimiz yolu çox yaxşı dərk edirik və bunun üçün çox yaxşı hazırlaşmalıyıq.
- Çempionlar Liqasının qrup mərhələsinə düşməyi bacarsanız, Avropa çempionatlarının liderləri ilə mübarizə aparmağa gücünüz çatar?
- Ötən mövsüm şahidi oldunuz ki, Avropa Liqasında həddindən artıq çətin qrupa düşmüşdük. Çempionlar Liqasında daha çətin olacaq. Çünki orada asan rəqib olmur.
Mərdan Həsənov