"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyundan (2:0) sonra Newsport.az saytının suallarını cavablandırıb.
"Çətin oyun oldu. Rəqib çox güclü komandadı. Turnir cədvəlinin ikinci pilləsindədir. Bilirdik ki, bizə qələbə lazımdır. Çox istəyirdik istədiyimiz nəticəni qazanaq. Yaxşı oynamağa çalışdıq. Rəqibin heyətində güclü futbolçular var. Onların arasında Bonilla çempionatın bombardirləri sırasındadır. Buna baxmayaraq Bonillanı zərərsizləşdirib istədiyimiz nəticəni qazandıq".
- Yəqin ki, qalan oyunlarda ehtiyat oyunçular oynayacaq, siz isə istirahət edəcəksiz, yoxsa...?
- Mən belə düşünürəm ki, arxayınlaşmaq olmaz. Ona görə ki, qarşıda bizi kubok oyunu gözləyir. Keçən ilki uğuru təkrarlamaq istəyirik. Yəqinki az oynayan oyunçulara daha çox şans veriləcək. Hal hazırda yarımfinalın cavab oyununa hazırlaşırıq və dubl etmək istəyirik.
- Son çempionluqları müqayisə etsək, hansı daha çətin alındı?
- Hər il daha çətin olur. Çünki səviyyəni qorumaq lazım gəlir. Hər mövsüm rəqiblər bizə qarşı daha böyük istəklə mübarizə aparırlar. Ola bilər ki, bu mövsüm böhranla əlaqədar rəqabət elə də ciddi deyildi. Amma ayrı-ayrı oyunlar üzrə götürsək, komandaların köklənməsində ciddi bir fərq yoxdur.
- Amma əvvəlkilərə nisbətən bu mövsümün asan keçdiyini demək olar?
- Belə müqayisə etsək, demək olar. Bu, daha çox baş məşqçimizin əməyidir. O, çox böyük iş görür. Rəhbərlik də bizi tam dəstəkləyir. Nə lazımdırsa, edirlər. Bu, daha çox onların uğurudur.
- Oyundan sonra çempionluğu elə də böyük coşqu ilə qeyd etmədiniz...
- (gülür) Siz paltardəyişmə otağında olmadınız. Orada daha çox sevindik. Ola bilsin ki, artıq güc itirmək istəmirdik. Çünki hələ mövsüm başa çatmayıb.
- Qarşıdakı oyunlar üçün hədəfiniz nədi?
- Heç bir halda arxayınlaşmaq olmaz. Çünki kubok oyununa da ciddi hazırlaşmaq lazımdır. Bizim hədəfimiz ötən mövsüm əldə etdiyimiz uğurları təkrarlamaqdır. Yəqin ki, heyətdə də rotasiya olacaq.
- Komandanın avrokuboklardakı hədəfi nə olacaq: Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq?
- Hamı bizdən bunu gözləyirik. Bunu gözəl anlayırıq. Amma bilirsiniz ki, orada asan rəqib olmur. Ciddi hazırlaşmaq lazımdır. Hər halda ÇL-in qrup mərhələsinə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik.Amma nəzərə almalıyıq ki, bu turnirdə çıxış edən komandalar çox güclüdürlər. Çempionatda olduğu kimi sıradan rəqiblər olmayacaq. Buna görə də çox ciddi hazırlaşmalıyıq. Çempionlar Liqasının qrupuna düşmək üçün bizdən asılı olan hər şeyi etməyə çalışacağıq. Çempionluğa o dərəcədə sevinmədik. Çünki qarşıda ölkə kuboku da var. Sevincimizi o vaxta saxlamışıq. İndi daha çox "qızıl dubl" etmək haqda düşünürük.