“Bütün azarkeşlərizi təbrik edirik. İnşallah, “Qarabağ” bu il də Azərbaycanı avrokuboklarda yüksək səviyyədə təmsil edəcək”.
Bu sözləri Newsport.az-a “Qarabağ”ın direktoru Əmrah Çəlikəl bu gün “Zirə” üzərindəki 2:0 hesablı qələbədən sonra dördüncü dəfə Azərbaycan çempionu olduqları oyundan sonra deyib.
O bildirib ki, klubun prezidenti Tahir Gözəl Azərbaycanda olmadığı üçün matça stadiondan baxmayıb: “Amma o, televiziya ilə oyunu izləyib və komandaya təbriklərini çatdırıb”.
Klub rəsmisi komandanın mükafatlandırılması ilə bağlı sualı da cavablandırıb: “Bu məsələ ilə bağlı rəhbərlik qərar verəcək. Yəqin ki, həmişə olduğu kimi, bu dəfə də komanda layiqli şəkildə mükafatlandırılacaq”.
Ə.Çəlikəl onu da bildirib ki, hələlik çempionat yekunlaşmadığından transferlərlə bağlı fikir söyləmək istəmir.
O, çempionluq kubokunu Ağdama aparmaq niyyətində olduqlarını da söyləyib.