Aprelin 30-u “Qəbələ” klubu üçün tarixi gün olub.
Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar” ilk dəfə əvəzedici heyətlərin çempionluğu olub. Bu, “Neftçi” ilə bugünkü oyunda 3:0 hesablı qələbədən sonra rəsmiləşib.
Əslində, çempionatın sonuna hələ 4 tur qalsa da, Ramin Quliyevin yetirmələri artıq əlçatmaz olublar. “Qəbələ”nin ən yaxın izləyicisi olan “Sumqayıt”ın “İnter”lə səfər matçında xal itirməsi ilə xal fərqi 13-ə artıb. Bununla da “qırmızı-qaralar” elə 32-ci turda çempionluğu bayram edə biliblər.
Ramin Quliyevin komandasının uğuru hələ ötən ilin sonunda başlamışdı. Belə ki, “Qəbələ”nin əvəzediciləri qış çempionu da olmağı bacarmışdılar. Həmin vaxtdan liderliyini əldən verməyən komanda çempionluğa mövsüm bitməmiş nail oldu.
Sevindirici haldır ki, "Qəbələ" tarixi uğura azərbaycanlı baş məşqçi rəhbərliyi altında nail oldu. Üç il əvəzedicilərin "sükanı arxası"nda olmuş ispaniyalı Luis Antonio Araqonu əvəzləyən Ramin Quliyevin cəmi 35 yaşı olsa da, komandanı bunadək görmədiyi çempionluğa qovuşdura bildi. Ötən mövsün "Qəbələ"nin U-17 komandasında "qızıl dubl" edən gənc mütəxəssis bu dəfə daha yuxarı yaş qrupunda qızıl medalçı oldu. Ramin Quliyevin uğurun çəkisini artıran əsa samil odur ki, o, mövsümə uğursuz başlayan, 5 oyundan sonra 3 xalla turnir cədvəlinin sonunda olan komandanı zirzəmidən zirvəyə qaldıra bildi.
"Qəbələ" əvəzedicilərin çempionatında bombardirlər yarışında da 1-dir. Belə ki, siyahıya artıq əsas komandaya cəlb olunan Ehtiram Şahverdiyev başçılıq edir. Gənc hücumçunun hesabında 20 qol var. İkinci yerdə gedən də "Qəbələ"nin hücumçusu - 17 dəfə fərqlənən Ramil Həsənovdur. "Qırmızı-qaralar"ın əvəzedicilərinin bunadək hesabında 4 medal vardı. Bu, 2 gümüş və 2 bürünc idi.
Mərdan Həsənov