Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilən “Kəpəz” - “Rəvan” oyunundan (3:2) sonra ev sahiblərinin baş məşqçisi Şahin Diniyev matçla bağlı fikirlərini jurnalistlərlə bölüşüb.
Newsport.az-ın məlumatına görə, Diniyev komandasının iki qol buraxmasının onu narahat etdiyini deyib:
“Həm hesabdan, həm də oyunun gedişindən hiss olundu ki, çətin görüş oldu. Son dövrlər qələbə qazanmaq bizə asan olmur. Komandada yorğunluq var, amma bunu səbəb eləmək istəmirəm. Xarakter hesabına oynamağa çalışırıq və buna da nail oluruq. Birinci hissə yaxşı oynamadıq, qoldan sonra tez sakitləşdik. Fasilədə uşaqlarla ciddi söhbətimiz oldu. Onlara bildirdim ki, hər oyun bizim üçün sanki final görüşüdü. İkinci hissənin əvvəlində sürətli hücumlarla rəqibi təzyiq altinda saxlayıb lazım olan qolları vura bildik. İki qol buraxmağımız məni narahat edir. O ki qaldı azarkeşlərimizə, onlar sadəcə, möhtəşəmdilər. Udduq, uduzduq fərq etmir. Hər zaman bizim yanımızdadılar. “Rəvan”a da göstərdiyi mübarizəyə görə təşəkkür edirəm”.