Azərbaycan kubokun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Neftçi” – "Qəbələ” (1-1) oyunundan sonra "Neftçi”nin qapıçısı Aqil Məmmədov jurnalistlərin suallarını cavablandırıb:
- Qarşılaşma haqqında fikirləriniz necədir?
- Düşünürəm ki, yaxşı oynadıq. "Qəbələ”də yaxşı komandadı. İnanıram ki, cavab matçında sərfəli nəticə qazanmağı bacaracağıq. Bu gün hər iki komandanın kifayət qədər qol şanları oldu. Həqiqətən də kubokun finalına layiq matçlardan biri baş tutdu.
- Tam səmimi cavab ver. Aleksey Qayın epizodu zamanı penalti var idimi?
- Hakim təyin etməyibsə, demək ki, penalti yox idi.
- Sənin fikrin daha maraqlı olardı...
- Xeyr, yox idi. Mən top üçün tullandım. Qay özünü kənara çəkdi. Qay ayağını mənim əlimə ilişdirdi.
- Birinci hissədə "Qəbələ” bir neçə real qol şansını qaçırdı. Fasilədən sonra yaxşı oyun nümayiş etdirdiniz. Bəxt amilinin sizin tərəfdə olduğunu düşünmək olar?
- 10-15 dəqiqə sanki donmuşduq. Oyun sonradan açıldı, komandamız buna uyğunlaşdı. Düşünürəm ki, pis nəticə qazanmadıq.
- Meydanda aqressiv görünürdün. Samir Zərgərovla da mübahisən düşdü...
- Vaxt gələr, nə baş verdiyini deyərəm.
- Mövsüm ərzində 9 sarı vərəqə almısan. Səncə, bu qapıçı üçün çox deyil?
- Düzdü, çox vərəqə almışam. Həmişə haqsızlığa etiraz edib, vərəqə almışam. Deməli, epizodlar çox olur ki, bu qədər cəzaya məruz qalıram.
- Azarkeşləriniz rəhbərliyi istefaya səsləyirdilər. Onlara nəsə demək istəmirsən?
- Həmişə azarkeşlərimizlə bir olmuşuq. Elə matçdan öncə də görüşdük. Onların bizə üərk sözləri oldu. Biz də qələbələr qazanmağı istəyirik.
- Cavab oyunu üçün şanslarınızı necə dəyərləndirirsən?
- 1-1 çox sürüşkən hesabdı. Bu oyunu 0-0 hesabı kimi sayıram. Cavab matçında sərfəli nəticə qazanmağa çalışacağıq.