Azərbaycan Premyer Liqasının 29-cu turunun açılış oyununda maraqlı hadisə yaşandı. Belə ki, "Qarabağ"ın qonağı olan "Kəpəz"in kapitanı 1-ci hissədə 2 qol vurdu. Qeyri-adilik ondan ibarət idi ki, Tural hər 2 qolu öz qapılarından keçirmişdi. Doğrudur, oyunun protokolunda yalnız birinci qol Turalın adına yazıldı. İkinci qolu isə "Qarabağ"lı Dani Kintananın vurduğu göstərilirdi. Lakin oyunun videogörüntülərini izlədikdə, qapıya doğru son zərbənin Turaldan gəldiyini görərik. Yeri gəlmişkən, PFL-dən fərqli olaraq dünyanın bir neçə məşhur onlayn futbol saytları 2-ci qolun avtoqol olduğunu göstərir.
Yarızarafat, yarıciddi, deyəsən, həmin oyunda vurduğu qollarla Tural Axundov Tərlan Əhmədovdan "avtoqol kralı" titulunu aldı. Tural ürəyini sıxmasın, belə hallar hər oyunda hər bir futbolçunun başına gələ bilər və bunu faciəyə çevirmək lazım deyil. Misal üçün, "Qarabağ” - "Kəpəz” matçından bir neçə gün sonra UEFA Avropa Liqasının 1/4 finalında "Şaxtyor" və "Braqa" komandalarının cavab oyununda portuqaliyalıların müdafiəçisi Rikardo Ferreyranın başına gələnləri göstərə bilərik. 23 yaşlı Rikardo oyun ərzində 2 dəfə - 43 və 74-cü dəqiqələrdə topu öz qapısına göndərmişdi.
Avtoqol - futbolçunun topu öz komandasının qapısından keçirməsi halına deyilir. Futbol qaydalarına görə, əgər futbolçu bəzi hallarda topu öz qapısına vursa belə, qol qeydə alınmır. Məsələn, futbolçu cərimə cərbəsindən, sərbəst zərbədən, qapıdan zərbədən, künc zərbəsindən və autdan avtoqol vurubsa, qol sayılmayacaq və bütün hallarda rəqibin lehinə küncdən zərbə təyin olunacaq. Maraqlıdır ki, futbolda qaydaların əksinə olaraq əllə vurulan avtoqollara da rast gəlinib.
Futbolda avtoqollarla hər oyunda rastlaşmaq mümkün deyil. Avtoqolu müəyyən etmək əslində çox sadədir. Əgər rəqib futbolçu qapıya doğru zərbə vurursa və top müdafiə olunan komandanın oyunçusuna dəyərək istiqamıtini dəyişib qapıdan keçirsə, bu halda qol topa zərbə vuran futbolçunun adına yazılır. Yox, əgər top qapyı doğru getmirsə və müdafiəçiyə toxunduqdan sonra səmtini dəyişib xətti keçirsə, bu halda avtoqol qeydə alınır. Eynən "Qarabağ" - "Kəpəz" oyununda Tural Axundovun vurduğu avtoqolllar kimi.
İndi isə dünya futbolunda ən məşhur və qeyri-adiliyi ilə yadda qalan avtoqollardan bir neçəsi haqda:
Rud Krol (Hollandiya, 23.06.1974). Bolqarıstanla oyunda Hollandiya yığmasının futbolçusu topu öz qapısından keçirmişdi. Bu, hollandların 2 müxtəlif qrup mərhələsində qapılarından buraxdıqları yeganə qol idi. "Narıncılar" bir daha finalda Almaniyadan 2 top buraxacaqdılar. Krolun avtoqolunu məşhur edən məqam tamam başqa idi. Məsələ burasındadır ki, Avropa çempionatından əvvəl Hollandiya yığmasının futbolçularını həvəsləndirmək üçün yerli banklardan biri birincilikdə qol vuran hər bir futbolçuya pul mükafatı vəd etmişdi. Çempionat başa çatdıqdan sonra fərqlənən bütün futbolçular vəd olunan mükafatı aldılar. Krol da həmçinin. İctimaiyyətin təzyiqi ilə üzləşən bank Rud Krolun öz qapısına qol vurmasına baxmayaraq, ona da avtoqol müqabilində pul verdi.
Kris Nikoll ("Aston Villa", 20.03.1976). 2:2 hesabı ilə başa çatan "Aston Villa" - "Lester" oyununda qolların hamısını bir futbolçu vurmuşdu - Kris Nikoll. 2-i rəqibin, 2-i isə öz qapıdarına.
Andres Eskobar (Ekvador, 22.06.1994). Ən faciəvi avtoqol. ABŞ-la oyunda Con Harksın qapı önünə etdiyi ötürmənin qarşısını almaq istəyərkən topu öz qapısından keçirən Andres Eskobar komandasının 1:2 hesabı ilə məğlub olmasında əsas səbəbkarlarından biri hesab edildi. ABŞ-a məğlubiyyətdən sonra mübarizəni qrup mərhələsində dayandıran yığma Kolumbiyaya qayıtdı. 2 iyulda isə faciə baş verdi. Munyos Kastro adlı azarkeş Eskobara 6 güllə vurdu. Hər atəşdən sonra Munyos "qol!" deyə, qışqırırmış. Dərhal xəstəxanaya çatdırılan futbolçu 45 dəqiqədən sonra dünyasını dəyişdi. Kastro isə 43 illiyə azadlıqdan məhrum edildi. Sonradan onun cəza müddəti 26 ilə endirildi. 2005-ci ildə isə 11 illik həbsxana həyatından sonra nümunəvi davranışına görə azadlığa buraxıldı.
Stan van den Byus ("Ekeren", Belçika, 1996). Belçika çempinatında "Anderlext"lə oyunda "Ekeren" futbolçuları 5 qol vursalar da, yekunda 2:3 hesabı ilə məğlub olmuşdular. Tamamilə doğrulur, rəqibin hesabına yazılan 3 qol avtoqol idi. Özü də həmin avtoqolların hamısının müəllifi Stan van den Byus idi. Başqa sözlə, Stan "Anderlext"lə oyunda "het-trik" etmişdi.
Mixael Ballak ("Bayer", Almaniya, 2000). 1999/2000-ci illər mövsümündə çempionun adı son turda müəyyənləşirdi. "Bayer" "Unterhahinq", "Bavariya" isə "Verder"lə qarşılaşırdı. Çempionluğa namizədlər də "Bayer"lə "Bavariya" idi. Son tura kimi "Bayer" rəqibdən 3 xal öndə idi. Gözləmək olardı ki, lider son turda ortabab "Unterhahinq"dən minimum 1 xal alacaq. Lakin, Mixael Ballakın öz qapısına vurduğu qol vəziyyəti dəyişdi. Daha bir qol buraxan "Bayer" 0:2 hesabı ilə məğlub oldu. "Bavriya" isə "Verder"i minimal hesabla məğlub etdi. Nəticədə hər 2 komandanın aktivində 73 xal oldu və daha yaxşı top fərqinə görə münhenlilər çempion adını qazandılar.
Kaxa Kaladze (Gürcüstan, 05.09.2009). Dünya çempionatının seçmə mərhələsində İtaliya yığması ilə qarşılaşan Gürcüstan millisinin kapitanı (Kaxa həmin vaxt "Milan"ın futbolçusu idi - red.) 11 dəqiqə intervalında 2 dəfə topu öz qapılarından keçirmişdi. Oyunda başqa qol vurulmayınca, gürcülər 0:2 hesabı ilə məğlub olmuşdular. Maraqdılır ki, milli karyerası ərzində Kaxa Kaladze cəmi 1 dəfə rəqib qapısından top keçirə bilib.
Avtoqolla bağlı daha bir neçə maraqlı faktı:
- 1991-ci ilin yanvarında "Nottingem Forest"in futbolçusu Roy Kin "Kristall Pelas"la oyunda topu qapıçıya düzgün ötürməyib və avtoqol sahibi olub. Oyundan sonra Roy soyunub-geyinmə otağına daxil olarkən baş məşqçi Brayan Klaf onun sifətinə güclü zərbə endirib. Zərbədən huşunu itirən futbolçu özünə gələndə başının üstündə qışqıran məşqçini görüb: "Eşidirsən, əclaf? Bir də qapıçıya elə ötürmə vermə!". Sonralar Kin etiraf edirdi ki, həmin sillə onun üçün həyat dərsi olub.
- 2009/10-cu illər mövsümündə Almaniya Bundesliqasında "Hannover"in futbolçuları Münhenqladbax "Borussiya"sı ilə oyunda 3 dəfə topu öz qapılarına vurublar. Nəticədə "Hannovur" 3:5 hesabı ilə məğlub olub.
- Analoji hal 2102-ci il fevral ayının 19-da İngiltərə Liqa Kubokunnun 1/8 finalında "Liverpul"la oyunda "Brayton"un başına gəlib. Özü də avtoqollardan 2-i Liem Bridkattın adına yazılıb. Oyunun nəticəsi isə 1:6 olub. Kimin xeyrinə? Əlbəttə, "Liverpul"un.
- Avtoqolla "dubl" edən daha bir futbolçu "Stok Siti"nin üzvü Conatan Uoltersdir. 2012/13-cü illər mövsümündə Premyer Liqada "Çelsi"yə 0:4 hesabı ilə məğlub olduqları matçda o, 2 dəfə qapıları səhv salıb. Özü də Conatan hər iki halda başla "fərqlənib". Maraqlıdır ki, "dubl"dan sonra "Stok Siti" penalti vurmaq imkanı qazanıb və komanda yoldaşları özünə gəlmək üçün penaltini Uoltersə əmanət ediblər. Gəl ki, futbolçu penaltini boşa verib. Həmin gün Uoltersin günü deyilmiş.
- 2013-cü il iyulun 19-da Latviya Kubokunun 1/8 finalında "Spartak" - "Metallurq" oyununda adı birinci çəkilən komandanın futbolçuları 3 avtoqol sahibi olublar. Oyun "Metallurq"un 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Hazırladı: SÜLEYMAN
"Het-trik news” qəzeti