"Zirə"yə gəlməyim o demək deyil ki, karyeramı bitirməliyəm"

“Neftçi” səfərindən 1 xalla dönən “Zirə”nin yarımmüdafiəçisi Luis Alberto Diez oyundan sonra Newsport.az-ın da əməkdaşının suallarını cavablandırıb.  

- 90 dəqiqə ərzində qol vurulmadı. Həddindən artıq sönük keçən oyun haqda nə deyə bilərsiniz?

- Meydana üç xal qazanmaq üçün çıxmışdıq. Birinci hissədə rəqibdən daha yaxşı oyun nümayiş etdirdik. Məqsədimiz heç də bir xalla kifayətlənmək deyildi. İkinci hissədə meydan sahibi komanda üstün oynadı. Amma bizim də 1-2 real qol epizodumuz oldu.

 - İkinci hissədə üstünlüyü rəqibə verməyiniz nə ilə bağlıydı?

- Əgər birinci hissədə biz üstün oluruqsa, rəqibin də fasilədən sonra üstünlüyü ələ keçirməsi normal haldı. “Neftçi” turnir cədvəlində bizdən aşağı sıralarda yer alsa da, yaxşı komandadı. Heyətlərində fərdi qabiliyyətinə görə seçilən futbolçular var.  

- Son oyunları atanız stadiondan izləyirdi. Onun gedişi motivasiyanıza mənfi təsir edə bilərmi?

- Bütün oyunlara qalib gəlmək istəyi ilə çıxıram. Əgər atam tribunadan məni izləyirsə, bu da müsbət haldı. Amma onun gedişi motivasiya olunmağıma mənfi təsir edəcək deyə bir şey yoxdu.  

- Gümüş medalları artıq təmin etdiyinizi düşünmək olarmı?

- Bu haqda danışmaq tezdi. Çünki riyazi baxımdan bunu təmin etməmişik. Ona görə də “Qarabağ”la oyun haqda düşünməliyik.  

- Bu yaxınlarda klubun prezidenti Vüqar Aslanov açıqlamasında “Zirə”nin avrokuboklara getməyəcəyi halda futbolçularını ehtiyac olarsa, digər klublara kömək üçün verə biləcəklərini açıqlayıb. Siz hansı klubu seçərdiniz?

- Hələ çempionat davam edir. “Qarabağ”la oyun haqda düşünürəm. Avrokuboklarda hansı komandaya kömək edə biləcəyimlə bağlı suala isə yayda cavab vermək olar.  

- İndiyə qədər medal qazanmısınız?

- Uşaq futbolunda bəli, medallarım olub. Amma peşəkar karyeramda hansısa medal yoxdu. 23 yaşım var, hələ gəncəm. Əlbəttə, Azərbaycanda ilk medalımı qazanmaqdan zövq alardım. Bunu üçün mövsümün başa çatmasını gözləmək lazımdı.  

- “Qarabağ”la oyunda hansısa müsbət nəticəyə ümid edirsinizmi? Çünki cari mövsümdə onları uda bilməmisiniz...

- “Qarabağ” demək olar, çempionluğunu rəsmiləşdirib. Biz isə öz meydanımızda uduzmamışıq. Buna görə də uğurlu seriyanı davam etdirmək istərdim.  

- “Rasinq”də oynayan zaman Xabi Alonsoya qarşı çıxış etmisiniz və bununla bağlı fotolar var. Hərdən həmin şəkillərə baxanda düşünürsünüzmü, o hara yüksəldi, mən hara endim?

- Sevinirəm ki, 18 yaşında La Liqada debüt etmişəm. Bura gəlməyim o demək deyil ki, karyeramı bitirməliyəm. Azərbaycanda olmaqdan da məmnunam. Yayda nələrin baş verəcəyini, hansı komandaya keçəcəyimi düşünəcəm. “Zirə”də də qala bilərəm. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right