Yaşar Seyidov: "Bütün bunlar ağılsızlıqdan baş verdi"

“Bakı” klubunun icraçı direktoru Yaşar Seyidovun müsahibəsi

 

- “Bakı”nın aktivindən yenidən 6 xal silindi. Əvvəlcə buna aydınlıq gətirərdiniz...

- Bildiyiniz kimi, xal silinməsi Marius Pena ilə bağlıdı. O, müqavilə şərtlərinin klub tərəfindən pozulmasını əsas gətirərək FİFA-nın Mübahisələrin Həlli Palatasına müraciət edib. Daha sonra FİFA Nizam-İntizam Komitəsi məsələyə baxıb “Bakı”nın aktivindən 6 xalın silinməsi ilə bağlı qərar qəbul edib.

 

- Artıq 3-cü dəfədi “Bakı”nın xalı silinir. Nə vaxta qədər belə davam edəcək?

- Etiraf etməliyəm ki, daha bir neçə futbolçunun məsələsi açıq qalır. Nə etmək olar? Məsələ burasındadı ki, vaxtilə transfer məsələlərində buraxılmış səhvlər artıq öz sözünü deyir. Azərbaycan futbolunda böyük təcrübəsi olan, bütün həyatını bu işə həsr edən bir şəxs kimi, bu işlərdən üzülürəm, utanıram. İş ondadı ki, bu, mənim klubda məşğul olmadığım bir sahə idi. Ancaq həmişə müqavilələrin bu cür bağlanmasına etiraz etmişəm. Mənim bu xəbərdarlıqlarıma vaxtında məhəl qoyulmadı. Nəticə də acınacaqlı oldu.

 

- Qeyd etdiniz ki, daha bir neçə futbolçu ilə FİFA-da işiniz davam edir. Belə çıxır ki, yeni cəzaların tətbiqi istisna deyil?

- Bəli, istisna deyil. “Bakı” ilə bağlı bir sıra məsələlər var ki, orda baxılacaq. Mən komandanın, akademiyanın yaşaması üçün əlimdən gələni edirəm. Ancaq borcların ödənilməsi mənim gücüm çatacaq məsələlər deyil. Məni narahat edən odu ki, bu problemlər “Bakı”nın ən pullu vaxtlarında olub. Deyan Brankoviçlə müqavilə 2008-ci ildə bağlanmışdı. Bunlar “Bakı”nın pulunun dalı da, qabağı da kəsən vaxtlarına təsadüf edib. Futbolu bilən də, bilməyən də bu gün futbol adamı olub. Bu müqavilələr bağlananda nə olardı ki, mənim sözümə qulaq asardılar. Maliyyə vəziyyəti yaxşı olanda pullar verilirdi. Klubun ziyanına işləyən hallar olsa da, həll olunurdu. Amma elə düşünürdülər ki, həmişə belə olacaq. Həyat tənatümlüdü. Bunun çətinliyi də var, pulsuz dövrü də. Bu üzdən də insan öz ağlını itirməməlidi. Bütün bunlar ağılsızlıqlardan baş verdi.

 

- Artıq 3 dəfə “Bakı”nın xalı silinib. Klubun çempionatdan uzaqlaşdırılma təhlükəsi yoxdu ki?

- Hər bir təhlükə var. Problemlərin həll olunması üçün təklif edərdim ki, “Bakı” klubunun prezidenti Hafiz Məmmədovla AFFA prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilsin. Vəziyyətdən çıxış yolları araşdırılmalıdı. Bu, Yaşar Seyidov səviyyəsində həll olunacaq məsələlər deyil.

 

- “Bakı”nın gələn mövsüm Premyer Liqaya qayıdacağı ilə bağlı söz-söhbət gəzir. Belə bir vəziyyətdə bu nə dərəcədə realdı?

- UEFA Maliyyə Feyr-Pley qaydalarına ciddi önəm verir. “Bakı”nın Premyer Liqada çıxış etməsinin bir yolu var. O da futbolçulara olan borcların ödənilməsidi. Əgər həmin vəsaitlər ödənilərsə və ya “Bakı” klubu ilə futbolçular arasında borcların hissə-hissə ödənilməsində razılıq əldə olunarsa, onlar da şikayətlərini geri götürərlər. Yalnız bu halda komanda yüksək liqada çıxış edə bilər. Bunun üçün də maliyyə lazımdı. Bu vəsait olmamış “Bakı”nın Premyer Liqada oynaması qeyri-mümkündü.

 

apasport.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right