Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilən "Qəbələ" - "Rəvan" oyunundan sonra qonaqların baş məşqçisi Bəhmən Həsənov mətbuat konfransı keçirib.
Newsport.az-ın məlumatına görə, autsayder komandanın çalışdırıcısı məğlubiyyətə rəğmən, futbolçulardan razı qaldığını bildirib:
"Qırmızı vərəqə epizodunadək oyuna qismən nəzarət edə bilirdik hardasa. Doğrudu, rəqib qol epizodları yaradırdı. Ancaq hesabı qoruya bilirdik. Saşa Yunusoğlu kimi təcrübəli oyunçu gərəksiz yerdə qoşa ayaqla rəqibə girirsə... Əlbəttə, bu, yolverilməzdi. Ancaq meydança sürüşkəndi. Ola bilər ki, ayağı sürüşdü. Saşaya güvənirik, zəngin təcrübəyə malikdi. Onun heç vaxt problemi olmayıb. Ancaq Yunusoğlu meydandan kənarlaşdırılandan sonra rəqib təzyiqi artıra bildi. Qırmızı vərəqədən sonra oyun tamam dəyişdi. Kənan Müslümovu dəyişməyə başqa oyunçumuz olmadığından, onu kənara ala bilmədik. Fərdi səhvlərdən qapımız qarşısında təhlükəli epizodıar yarandı və rəqib bundan istifadə etdi. Mən futbolçularımdan xahiş eləmirəm, tələb edirəm ki, arxası bizim qapıya olan rəqibə zərbə endirməyin. O epizodda bizim üçün təzhlükəli heç nə yox idi. Demişdim ki, topla olan oyunçunu izləyin, başqa heç nə etməyin. Təkbətək çıxmırdı, bir şey eləmirdi. Cinahda neyləyə bilərdi ki? Orda sakit durmaq ldazım idi. Saşa birinci gün deyil futbol oynayır. Meydanda və ondan kənarda ən təcrübəli futbolçularımızdan biridi. Müdafiədə əsas yüksək ondadı. İstər hava toplarında, istər hücumların zərərsizləşdirilməsində, istərsə də əks-hücumların qurulmasında komandaya faydalıdı. Elə o meydandan çıxandan sonra rəqib cinahlardan iki qol vurdu bizə. Bilirsiz, potensialımız budu, bundan artığına gücümüz çatmır. Baxmayaraq ki, uduzmuşuq, futbolçulara təşəkkür edirəm".