Bu gün Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulub. Turnir cədvəlinin son 4 pilləsində qərarlaşan “Xəzər Lənkəran”la “Neftçi” “Böyük oyun”da qüvvələrini sınayıb.Matça meydan sahibləri aktiv başlasalar da, Ruslan Qurbanovun 40-cı dəqiqədəki qolu ilk hissəni "Neftçi"nin xeyrinə bitməsinə səbəb olub.
Oyundan sonra "Xəzər Lənkəran"ın qapıçısı Orxan Sadıqlı Newsport.az-ın suallarını cavablandırıb.
- Çoxlu qol vəziyyəti yaratdıq ilk hissə. Yenə də istifadə edə bilmədik. Və yenə də qolu vuran rəqib oldu. Məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm. Söz verirəm, gələn oyunlarda əlimizdən gələni edəcəyik ki, xal və ya xallar qazanaq. Özümüz də artıq yorulmuşuq uduzmaqdan. Belə oyunlardan gərək ən azından 1 xal götürək.
- Ruslan Qurbanovun vurduğu qol şübhə yaradıb. Qapıda sən idin. Nə gördün?
- Vallah, onu mən görmədim, yalan deyərəm. Səhv eləmirəmsə, orda topu itirdik, "Neftçi" bizi əks-hücumda tutdu. Gbzümü bir də açıb gördüm ki, Ruslan artıq qapıya zərbə endirir. Əgər ofsayddan vurubsa qolu, yəqin ki, buna baxılacaq, video-rolik hazırlanacaq.
- Fikir versək, görərik ki, "Xəzər Lənkəran" hər oyunun ilk 30 dəqiqəsini yaxşı oynayır. Sonrakı dəqiqələrdə isə komanda tamamilə çökür, rəqiblərlə bacarmır.Səncə, bu, fiziki durumun zəif olmasındandı, yoxsa nədən asılıdı?
- Bizdə hər oyun belədi. "Qarabağ"ın özüylə bir çox epizodlarımız var idi. Eləcə də "Sumqayıt"la. Biz yaratdığımız epizodlara çevirə bilmirik, axırda onlar yüklənirlər qapımıza. Bir dəfə, iki dəfə, üç dəfə…. Dördüncüdə artıq rəqib bundan istifadə edir. Qabaqda top saxlaya bilmirik. Müdafiəçilər də qaçmaqdan yorulur. Komandamız oyunu həmişə müdafiədən qurur. Oynamağa başlayırıq, qol vura bilmiriksə, axırı problem olur. Bu da təcrübəsizlikdəndi. Gücümüz də var, hər şeyimiz də var - sadəcə, irəlidə top saxlaya bilmirik, qol epizodlarını boşa veririk.
- Tural Qürbətov qapıçıyla üzbəüz qalıb, topu tora göndərə bilmirsə, bu, artıq təcrübəsizlik demək deyil...Bunun başqa bir səbəbəi və izahı var.
- Şansızlıqdı da. Təcrübəni buna bağlamıram. Təcrübəsizlik ona deyirəm ki, qabaqda top saxlaya bilmirik. Futbolçular bilmir hara açılmaq, hara top vermək lazımdı. Tural hər məşqdə çalışır, üstündə işləyir. Məşqdə də qol vura bilməyəndə öz-özünə çox əsəbləşir. Oyunda da bəxti gətirmir. Tural başqa hücumçular arasında seçilənlərdən biridi. Bilmirəm, başa düşmürəm ki, o, niyə bu qədər bəxtsizdi. Hamı baxır da, bütün oyunlarda elə toplar buraxırıq ki, inanılası deyil. Yəni elə-belə. Rəqib vurur, top gəlir girir qapıya. Biz isə qol vurmağa gedəndə əziyyət çəkirik, yenə də alınmır. Nə bilim, bəlkə də komandamızı lənətləyiblər. Başqa cavab tapmıram buna.
- "Rəvan"la xal fərqiniz 3-ə enib. Təhlükəni hiss edirsiz?
- Hər gün saytlarda oturub ancaq turnir cədvəlinə baxırıq. "Rəvan" bizi maraqlandırmamalıdı. Çıxıb qələbə qazanmağımız lazımdı. Artıq neçə oyundu xala həsrətik. Uğursuzluq sindromunu qıra bilmirik. Yaxşı oynamağa xal vermirlər. Epizodu boşa veririk, yoruluruq, rəqib də qələbə qazanır. 70-ci dəqiqədən sonra müdafiəçilərimizə baxırdım, qaçmaqdan artıq nəfəsləri gedib-gəlmirdi. "Neftçi"nin əks-hücumları uşaqları əldən salmışdı. Artıq çempionatın qurtarmasına cəmi 6-7 tur qalıb. Oturub fikirləşməliyik. Gücümüz çatan qədər iki-üç qələbə qazanmalıyıq ki, "Rəvan"la xal fərqini qoruya bilək. Yoxsa belə çətin olacaq bizə.
- "Sumqayıt"la oyunda da qeyri-adi qol buraxdız, indi də. Sənin də səhvin var. Problem ondadı ki, rəqibin hücumu niyə o səviyyəyədək gəlib çatır.
- Ruslanın qolunda mənim də səhvim var, düzdü. Sağ olsun uşaqlar, dəstək oldular mənə. Mən də öz növbəmdə Lənkəran camaatından üzr istəyirəm. Bu mövsüm birinci səşvim idi bu. Hələ belə səhvim olmamışdı. O səhvədək 3-4 epizoddan birini vursaydıq, "Neftçi"nin özü oyunu dəyişməyə çətinlik çəkəcəkdi. Çünki onlardan üstün oynayırdıq. "Sumqayıt" bizə qələbə topunu son saniyələrdə vurmuşdu. Onda da Ruslan Cəfərovla bir-birimizi başa düşmədik. Bu vəziyyətdən çıxış yolu axtarırıq, tapa bilmirik. Qol vururuq, təzədən buraxırıq. Bu da təsir edir bütün uşaqlara.
- "Qarabağ"a qarşı bundan yaxşı mübarizə aparmışdız. "Böyük oyun"da həmin əzmkarlığı görmədik.
- Bütün oyunlara eyni hazırlaşırıq. "Neftçi" olmur, "Rəvan"ı, "Sumqayıt"ı olsun. Hamıya eyni gözlə baxırıq. Bir qələbə lazımdı ki, sindromdan çıxaq. İki gün komandaya istirahət verilib. Sonra yığışacağıq, gündə iki məşq keçəcəyik, "Zirə"yə hazırlaşacağıq. Qorxuram onda da həmin səhvləri təkrarlayaq. Toşakın vaxtında da beləydi. Beş-altı tur yaxşı gedirdik, gəlirdik "Rəvan"a, 20-25 qol vəziyyəti yaradırdıq, oyun 1:1 qurtarırdı. Heç kim baş açmır ki, bu kluba nə olub, nə baş verir. Nildo bizə gələndə çempionatın bombardiri idi. Burda "yatdı". Rauf Əliyev gəldi, o da elə. İndi də Tural Qürbətov. Yazıqların heç birinin bəxti gətirmir. Yığırlar epizodları bir yerə, baxırıq. Dəhşətə gəlirik, əsəbləşirik ki, bu, necə ola bilər axı? Bilmirəm neyləmək lazımdı.
Mərdan Həsənov