Premyer Liqanın 29-cu turunda evdə "Neftçi"yə məğlub olan (0:1) "Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov oyunla bağlı fikirlərini bildirib.
Newsport.az-ın Lənkərana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, o, qonaqların qələbə topundan şübhələndiyini açıqlayıb.
- Öncə son günlər yenə cəbhə bölgəsində şəhid olan əsgərlərimizin ailələrinə başsağlığı vermək istəyirəm. Şəhidlər hələ də gəlməkdədi Lənkərana. Xəbərimiz var bundan. Onların valideynlərinə Allahdan səbr arzulayırıq. Oyuna gəldikdə, ilk hissədə daha üstün futbol oynadıq. Müdafiəçilərimizin səhlənkarlığı ucbatından qol buraxdıq. Hesabda geri düşəndən sonra nə qədər çalışsaq da… Tələskənlik var idi. İkinci hissənin axırına yaxın yorğunluq da hiss olunurdu. Ümumiyyətlə, qol epizodlarımız bol oldu. Əsasən də ilk yarıda. İlk üç qol epizodunu biz yaratdıq, amma yararlana bilmədik. Səhvlərimizin üzərində işləyəcəyik.
- Bəlkə də bu sualı vermək düzgün çıxmaz, ancaq yenə də maraqlıdı. Hücumda yer alan Bayram Budaqovu bu oyunda ehtiyatda saxlamaq düzgün olmazdımı?
- Mən də istəyərdim ki, standart vəziyyətdə boyumuz bir az uca olsun. İrəliyə hündürboylu oyunçu buraxdıq. Qol vurmaq yenə bizə qismət olmadı.
- Elfad Balәhmәdovun son vəziyyəti necədi?
- Həkimlərin nəzarəti altındadı. Qaşı partlayıb.
- Bəs Vaqif Güləliyevin?
- Onu görməmişəm. Fikir verməmişəm.
- Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadasından heç nə danışmadız. Ruslan Qurbanovun vurduğu yeganə qol epizodu barədə nə deyə bilərsiz?
- Mənim də o qola şübhəm var. Oyundankənar vəziyyətə oxşayır. Gərək videoya baxım, dəqiqləşdirim.
- "Neftçi"nin hücumçusu zərbə anında sonuncu müdafiəçidən irəlidə idi.
- Ola bilər. Mənə də elə gəlir ki, qol ofsayddan vuruldu.