"Çox istəyərdim ki, atamın qəbrini ziyarət edəm" - Vüqar Nadirov MÜSAHİBƏ

"İnter"in forvardı Vüqar Nadirov AZAL-la oyundan sonra Newsport.az-a müsahibə verib. Premyer Liqanın 29-cu turunda "təyyarəçilər"ə qarşı keçirilən görüşdə "İnter"in yeganə qoluna imza atan Vüqar komandasına üç xal qazandırdı.

- Görüş haqda hansı fikirdəsən?

- AZAL yaxşı komandadı. Bundan öncə də liderlərdən xallar almışdı. “Qəbələ” və “Qarabağ” kimi komandanı məğlub etmişdi. Bilirdik ki, ağır olacaq. Şükürlər olsun ki, istədiyimiz qələbəni qazandıq.

- Ancaq “İnter” rəqib qapısına getməkdə çətinlik çəkirdi...

- AZAL uzun ötürmələrlə daha çox oynayan komandadı. Biz də bunu gözləyirdik. İlk yarıda qolumuzu vura bilərdik. Amma alınmadı. Sonra dirəkdən dönən topumuz oldu. Şanslarımız var idi, toparlanıb qolumuzu vurduq.

- Emin Cəfərquliyevlə aranda mübahisə yaşandı. Nə baş vermişdi orada?

- Emin də çılğındı, mən də. Nə var idi qaldı oyunda. 0:0 idi hesab, tez başlamaq istəyirdim. Heç bir problem yoxdu. Sonradan da gəldi üzr istədi. 

- Klubunuzun prezidenti deyir ki, qışa kimi yaxşı oynamasanız da nəticələr var idi, ancaq qışdan sonra yaxşı oynayıb nəticəniz yoxdu. Bu haqda nə deyəcəksən?

- Ola bilər. Həm də komandaya yeni oyunçular gəlib, bəziləri ayrılmışdı komandadan. Komanda komplektləşməlidi. Rəşad müəllim də düz deyir. Amma əsas odu qələbə qazanaq. 

- Qeyri-stabillik nədən irəli gəlir?

- Olur da, bütün oyunlarda qalib gəlmək olmurki. Bütün matçlara qələbə üçün çıxırıq. Ancaq elə olur ki, bizə nail oluruq, elə də olur alınmır.

- Narahat deyilsənki, avrokuboklara buraxılmırsız deyə, yayda komandanın əksər oyunçuları klubu tərk edə?

- Biz də istəyirik ki, avrokuboklarda çıxış edək. Neçə illərdi ki, avrokuboklarda oynayıram. İndi Appelyasiya vermişik məsələni. Görək necə olur da. İnşallah alınar oynayaq.

- Avrokuboklara buraxılmasanız, yayda Avropada çıxış edəcək klublardan birinə keçmək istəyərdin?

- Mən “İnter”in oyunçusuyam və heç bir komandadan təklif almamışam. Əsas odu ki, mükafatçılar sırasına düşək.

- Hərbi gedişə, əsgər salamına xüsusi hazırlaşmışdın?

- Bu qolu da şəhidlərimizə görə vurdum. Mənim atam da Ağdamda şəhid olub. Şəhid övladı nə deməkdi, onu yaxşı bilirəm. 

- "Qarabağ” – “Kəpəz” matçındakı atmosferi gördün? Bu cür atmosferdə oynamaq istəyərdin?

- Bəli, baxdım, gördüm atmosferi. Bizdə də atmosfer yaxşı idi. “Qarabağ”ın adı elə “Qarabağ”dı deyə, birinci onlar etməlidi belə şeyləri. Mənim atam şəhid olub, Ağdamda şəhid olub. Mən niyə getməyim ki, döyüşə? 

- Maraqlıdı, hansısa şəhid qapısını döymüsüz?

- Əlbəttə ki. Mənim elə qohum-əqrabamda şəhid ailəsi, məcburi köçkünlər var ki. Biz elə Ağdamdan döyüş vaxtı çıxmışıq. Mən uşaq idim, həmin mərmiləri, atışmanı görmüşəm. Hər şey gözümün qarşısındadı. İndiki kimi də gözümün qabağındadı. İnşallah torpaqlar alınar. Çox istəyərdim ki, atamın qəbrini gedib ziyarət edəm.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right