Azərbaycan Premyer Liqasının XXIX turunda "İnter” doğma meydanında AZAL-ı 1-0 hesabı ilə məğlub edib.
Newsport.az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında "İnter”in çalışdırıcısı Zaur Svanadze qarşılaşma haqqında fikirlərini bildirib: "İlk öncə şəhid olan əsgərlərə görə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Oyuna gəlincə, düşünürəm ki, bu gün çox yaxşı oynadıq. Belə çətin qarşılaşmadan 3 xalla ayrıldığımıza görə sevincliyəm.”
Təcrübəli mütəxssis UEFA-nın məlum cəzasından sonra futbolçuların oyunlara motivasiya olunmasında çətinlik olmadığını vurğulayıb. O, futbolçuların peşəkar olduqlarını və hər hansı problemlərinin olmadığını vurğulayıb.
Komandadakı zədəli futbolçular barədə danışan Svanadze uzun müddətdir zədəli olan Rauf Əliyevin qarşıdakı oyunlarda meydana çıxa biləcəyini qeyd edib: "Hazırda Nizami Hacıyev müalicə alır. Qara Qarayev isə komanda ilə məşq edir. "Qəbələ” ilə oyunda zədə alan Kamran Ağayev iki həftə sonra məqşlərə başalayacaq. Uzun müddətdir zədəli olan Rauf Əliyev əvəzedici komandanın oyunlarında iştirak edir. Onun fiziki hazırlığı yerindədi. 2-3 turdan sonra Raufu meydanlarda görə biləcəyik. ”