“Kəpəz”in gənc yarımmüdafiəçisi Namiq Ələsgərovun müsahibəsi
- Azərbaycan Premyer Liqasının XXIX turu çərçivəsində sabah “Qarabağ”la qarşılaşacasınız. Oyuna hazırsınızmı?
- Matça hazırlığımız yüksək səviyyədə keçdi. Ötən turda məğlub olduğumuzdan, istəyirik bu dəfə normal nəticə qazanaq. Bununla AZAL-a məğlubiyyəti də unutdurmağa çalışacağıq.
- Müqavilə ilə məxsus olduğunuz komandaya qarşı oynayacaqsınız. Bunun sizin üçün xüsusi bir önəmi varmı?
- Elə bir xüsusi önəmi yoxdu. Ötən dövrədə də “Qarabağ”a qarşı oynamışam. Bütün görüşlərə necə, bu matça da o cür yanaşıram.
- Amma “Qarabağ”ın məşqçilər korpusuna özünüzü göstərmək üçün əlinizə yaxşı imkan düşüb...
- Meydana bunun üçün çıxmayacam. Bu matçı digərlərindən fərqləndirmirəm.
- AZAL-a məğlubiyyətin sabahkı matça mənfi təsiri ola bilərmi?
- Həmin görüşü yaddan çıxarmaq istəyirik. Bunun da yolu yaxşı nəticə əldə etməkdi. Həmin qarşılaşmanın üstündən artıq neçə gün vaxt keçib. Düşünmürəm ki, bunun hansısa mənfi təsiri olsun.
- Ümumiyyətlə, AZAL-la qarşılaşmada 0:3 hesablı nəticə gözlənilməz olmadı?
- Əlbəttə, gözlənilməz oldu. Bu hesabı heç gözləmirdik. Amma AZAL da yaxşı komandadı. Mübarizə aparmağı bacarırlar. Biz sadəcə, bu oyunda əlimizə düşən imkanlardan yararlana bilmədik.
- Çempionatda ardıcıl 4 qələbədən sonra AZAL-a uduzdunuz. Bəlkə arxayınlıq sizi məğlubiyyətə sürüklədi?
- Xeyr, elə bir arxayınlıq yox idi. Futboldu, hər şey ola bilər. Bütün komandalar qalib də gələ bilər, məğlub da ola bilər. Səbəb o oldu ki, bizdən fərqli, AZAL ələ düşən imkanlardan maksimum yararlandı.
- 28 turdan sonra turnir cədvəlinin 4-cü pilləsində qərarlaşırsınız. “Kəpəz”in Avrokubok şansını necə dəyərləndirirsiniz?
- Hazırda ən yaxşı şanslardan biri də bizdədi. Bunun üçün sona qədər mübarizə aparacağıq.
- Zədədən öncəki formanızı bərpa edə bilmisinizmi?
- Hələ çalışıram əvvəlki formaya düşüm. İşlərim normal gedir, pis deyil. Tam olmasa da, yavaş-yavaş əvvəlki formamı bərpa edirəm.
- Mövsümün sonunda “Qarabağ”a qayıdacaqsınız, yoxsa “Kəpəz”də qalmaq fikrindəsiniz?
- Hələ bilmirəm. Çünki bu barədə mənimlə heç kim söhbət etməyib. Tək mənim sözümlə nəsə dəyişmir.
apasport.az